ABŞ-da keçmiş vergi xidməti əməkdaşı sevgilisi ilə birlikdə ikiqat qətl törətdiyinə görə ömürlük həbs cəzası aldı

ABŞ-ın Virciniya ştatında keçmiş vergi xidməti əməkdaşı Brendan Benfild həyat yoldaşını və təsadüfi bir şəxsi qətlə yetirməkdə təqsirli bilinərək şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmənin qərarına əsasən, Benfild 21 yaşlı braziliyalı dayə Juliana Peres Mqalyaes ilə birlikdə cinayəti əvvəlcədən planlaşdırıb. İstintaq materiallarında qeyd olunur ki, Benfild dayə ilə romantik münasibət yaşayırmış və onunla evlənmək üçün həyat yoldaşı Kristin Benfilddən qurtulmaq istəyib.
Məlumata görə, Benfild rəsmi boşanmaq istəməyib. O, əmlak bölgüsü zamanı maliyyə itkisinə məruz qalacağından və 4 yaşlı qızının qəyyumluğunu itirəcəyindən ehtiyat edib.
Cinayət planını həyata keçirmək üçün sevgililər xüsusi BDSM tanışlıq saytında Kristin Benfildin adına saxta hesab yaradıblar. Daha sonra həmin platforma vasitəsilə Cozef Rayan adlı şəxsi evə dəvət edərək onu qurban seçiblər. Plan Rayanı “evə soxulmuş təhlükəli şəxs” kimi təqdim etmək və hadisəni özünümüdafiə kimi göstərmək olub.
İstintaqın müəyyən etdiyi faktlara görə, Benfild əvvəlcə Rayanı güllələyib, daha sonra isə həyat yoldaşını bıçaqlayaraq öldürüb. Yaralı Rayan hərəkət etməyə çalışdıqda, Juliana Peres Mqalyaes ona nəzarət atəşi açıb. Hadisə zamanı cütlüyün azyaşlı qızı evin zirzəmisində olub.
Hakim Penni Azkarate Benfildin əməllərini “mütləq şər” adlandıraraq onun peşmançılıq göstərmədiyini və qızını anasız qoyduğunu vurğulayıb. Məhkəmə onu qətllərlə yanaşı, uşağın həyatını təhlükəyə atmaq və silahdan qanunsuz istifadə etmək maddələri üzrə də təqsirli bilib. Bu səbəbdən ömürlük həbs cəzasına əlavə olaraq 8 il həbs müddəti təyin olunub.
Benfild məhkəmə prosesində günahsız olduğunu iddia etsə də, onun sevgilisi Juliana Peres Mqalyaes istintaqla əməkdaşlıq edib, təqsirini etiraf edərək cinayətin bütün təfərrüatlarını açıqlayıb. O, prokurorluqla razılaşma çərçivəsində daha əvvəl 10 il həbs cəzası alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.