Səhrada yük maşınının xarab olması nəticəsində 49 nəfər susuzluqdan ölüb

Nigerin şimalındakı Sahara səhrasında yük maşınının xarab olması nəticəsində azı 49 nəfər susuzluqdan həyatını itirib. Hadisə Aqadez bölgəsində baş verib.
Məlumata görə, qurbanlar Qurban bayramı münasibətilə Malidə olduqdan sonra vətənə qayıdırmışlar. Telhandeq şəhərindən yola çıxan yük maşını marşrutdan yayınaraq qum təpələri arasında ilişib qalıb. Nəticədə sərnişinlər və sürücü bir neçə gün ərzində nəqliyyat vasitəsini təmir etməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Səhrada hökm sürən ekstremal istilər səbəbindən su ehtiyatları qısa müddətdə tükənib və insanlar susuzluqla üz-üzə qalıblar. Yalnız iki nəfər sağ qala bilib. Onlar kilometrlərlə yolu piyada qət edərək sərhəd məntəqəsinə çatıb və hadisə barədə məlumat veriblər.
Hadisə yerinə göndərilən xilasedicilər yük maşınının ətrafında onlarla meyit aşkarlayıblar. Ölənlərin hamısı faciə yerində kütləvi məzarlıqda dəfn edilib.
Xilasedicilər geri qayıdarkən daha bir xarab olmuş yük maşınına rast gəliblər. Üç gün ərzində səhrada köməksiz qalan 60-dan çox sərnişinə su paylanılıb və avtomobil təmir edilərək onların təhlükəsiz şəkildə yollarına davam etmələri təmin olunub
Hüquq müdafiəçiləri bildirirlər ki, Niger səhrası vasitəsilə Liviya və Əlcəzair istiqamətində hərəkət edən miqrant marşrutlarında bu cür faciələr tez-tez baş verir. Region rəsmiləri isə hadisənin yoxsulluq və daha yaxşı həyat ümidi ilə təhlükəli səfərlərə çıxan insanların nə qədər böyük risklərlə üzləşdiyini bir daha göstərdiyini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.