Britaniya və müttəfiqləri İsraildən radikal məskunlaşanlara qarşı tədbir görməyi tələb edib

Böyük Britaniya, Avstraliya, Kanada, Fransa və Norveçin xarici işlər nazirləri İordan çayının Qərb sahilində vəziyyətin kəskin pisləşməsi fonunda ekstremist yəhudi məskunlaşanlara qarşı koordinasiyalı tədbirlər gördüklərini açıqlayıblar.
Tərəflər çərşənbə axşamı yeni sanksiyalar paketinin tətbiq olunduğunu elan edərək bildiriblər ki, İsrail hökuməti bölgədə vəziyyətin sabitləşdirilməsi üçün təxirəsalınmaz addımlar atmasa, daha sərt tədbirlər də gündəmə gələ bilər.
Britaniya hökumətinin yaydığı bəyanata görə, yeni iqtisadi məhdudiyyətlər Qərb sahilində fəaliyyət göstərən radikal məskunlaşan qrupların maliyyə mənbələrinin qarşısını almağa yönəlib. Rəsmi London hesab edir ki, bu vəsaitlər ekstremist qrupların cəzasız fəaliyyət göstərməsinə şərait yaradır.
Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper parlamentdə edəcəyi çıxışda məskunlaşma fəaliyyətinin genişləndirilməsi və məskunlaşanların zorakılıqlarının beynəlxalq hüquqa zidd olduğunu vurğulayacaq.
Nazirin çıxışından yayılan hissələrdə qeyd olunur ki, “məskunlaşmaların genişlənməsi və məskunlaşanların zorakılığı iki dövlətli həll konsepsiyasının yaşamaq qabiliyyəti üçün fundamental təhlükə yaradır, həmçinin həm fələstinlilərin, həm də israillilərin uzunmüddətli sülh və təhlükəsizliyinə zərbə vurur”.
Britaniya və onun müttəfiqləri bölgədə gərginliyin azaldılması və sülh prosesinin qorunması üçün İsrail hökumətini daha qəti addımlar atmağa çağırıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.