İsrail həbsxanasında saxlanılan tanınmış Qəzza həkiminin vəziyyəti ilə bağlı narahatlıq artır

Qəzzanın şimalındakı “Kamal Ədvan” xəstəxanasının direktoru, tanınmış fələstinli həkim Hüssam Əbu Səfiyanın ailəsi və hüquq müdafiəçiləri onun səhhəti və saxlanma şəraiti ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Bu barədə Britaniyanın The Guardian nəşri məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri tərəfindən 2024-cü il dekabrın 27-də iş yerində saxlanılan 53 yaşlı həkim artıq 500 gündən çoxdur ki, rəsmi ittiham irəli sürülmədən həbsdə saxlanılır. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, o, son günlərdə “Ktsiot” həbsxanasından ciddi rejimli “Rimon” həbsxanasına köçürülərək təkadamlıq kameraya yerləşdirilib.
İsraildə fəaliyyət göstərən “İnsan Hüquqları Uğrunda Həkimlər” təşkilatının (PHRI) məlumatına əsasən, Hüssam Əbu Səfiyanın köçürülməsinin səbəbləri barədə heç bir izahat verilməyib.
Həkimin oğlu, özü də həkim olan Elias Əbu Səfiya bildirib ki, atasının saxlanılarkən aldığı yaradan qalan qəlpələrin çıxarılması üçün əməliyyata ehtiyacı var. Onun sözlərinə görə, Hüssam Əbu Səfiya davamlı ağrı və şişkinlikdən əziyyət çəkir.
Elias Əbu Səfiya atasının saxlanıldığı kameranın təxminən bir metrə bir metr ölçüdə olduğunu və normal hərəkət etmək üçün kifayət qədər yer olmadığını deyib. O, həmçinin bildirib ki, həbsin ilk aylarında atasına paltarını dəyişməyə icazə verilməyib və bu səbəbdən onda dəri xəstəlikləri yaranıb.
Məqalədə qeyd olunur ki, Hüssam Əbu Səfiya Qəzzanın şimalında hərbi əməliyyatlar zamanı xəstəxananın fəaliyyətini davam etdirmək üçün çalışıb. Onun ailəsi iddia edir ki, həkimin əsas “təqsiri” xəstəxananın boşaldılması barədə verilən əmri yerinə yetirməməsi və xəstələri tərk etməkdən imtina etməsi olub.
İsrail hakimiyyəti isə onu “qanunsuz döyüşçü” statusunda saxlayır. Bu status İsrail qanunvericiliyinə əsasən, müəyyən şəxslərin uzun müddət məhkəməsiz həbsdə saxlanılmasına imkan verir. Hüssam Əbu Səfiya ilə birlikdə yüzlərlə digər fələstinli də bu status altında saxlanılır.
Həkimin vəkili Nasser Odeh bildirib ki, onun azadlığa buraxılması üçün məhkəməyə müraciət edilib. Lakin İsrail tərəfi iş üzrə məhkəmə proseslərinin məxfi qaydada keçirildiyini və ictimaiyyətə açıqlanmadığını bildirib.
BMT ekspertləri hələ mart ayında İsraili Hüssam Əbu Səfiyanı dərhal azad etməyə, ona tibbi müayinə və müalicə imkanı yaratmağa çağırmışdılar. Məlumata görə, o, İsraildə ittihamsız saxlanılan 14 fələstinli həkimdən biridir.
İsrail Həbsxanalar İdarəsi (IPS) isə konkret məhbusların vəziyyəti barədə məlumat vermədiyini bildirərək, hüquq müdafiəçilərinin səsləndirdiyi ittihamların qurumun praktikasını əks etdirmədiyini bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.