Tirin kilsə rəhbərləri İsrailin şəhərin xristian məhəlləsinə zərbə endirməsinin qarşısının alınmasına çağırıb

Livanın cənubundakı qədim liman şəhəri olan Tirin bir neçə xristian kilsəsinin rəhbəri beynəlxalq ictimaiyyətə və Livan hakimiyyətinə müraciət edərək İsrailin şəhərin xristian məhəlləsinə mümkün hücumlarının qarşısının alınması üçün təcili tədbirlər görülməsini istəyiblər.
Müraciətdə, o cümlədən Livan Prezidenti Joseph Aouna çağırış edilərək bildirilib ki, şəhərin qədim hissəsi Tirin ürəyidir və ona qarşı istənilən hücum milli miqyasda fəlakətə səbəb ola bilər.
Birgə bəyanatda vurğulanıb ki, Köhnə Şəhərdə dinc sakinlər yaşayır və burada əsrlər boyu formalaşmış zəngin dini və mədəni irs qorunub saxlanılır.
Ruhanilər vəziyyətin ağırlaşmasının qarşısını almaq üçün təxirəsalınmaz siyasi addımların və təhlükəsizlik tədbirlərinin görülməsinə çağırıblar. Onlar həmçinin beynəlxalq ictimaiyyəti və BMT qurumlarını beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalinin müdafiəsi istiqamətində üzərlərinə düşən mənəvi öhdəlikləri yerinə yetirməyə səsləyiblər.
Bəyanatı şəhərin aparıcı xristian dini liderləri – George Iskandar, Elias Kfoury və Charbel Abdallah imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.