AVSTRALİYA GƏMİÇİLİYİN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ MİSSİYAYA QOŞULUR

Avstraliya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş beynəlxalq hərbi missiyada iştirak edəcək. Bu barədə Avstraliya və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirlərinin danışıqlarından sonra yayılan birgə bəyanatda bildirilib.
Məlumata görə, Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus E-7A Wedgetail uzaqmənzilli radiolokasiya və idarəetmə təyyarəsi missiyanın tərkibində xidmət göstərəcək. Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi əməliyyatın əsas məqsədi Hörmüz boğazında sərbəst və təhlükəsiz gəmiçiliyin təmin edilməsidir.
Böyük Britaniya isə missiyaya Typhoon qırıcılarını, HMS Dragon esminesini, potensial təhdidlərin aşkarlanması üçün pilotsuz suüstü aparatları və dəniz minalarının axtarışı üçün xüsusi avadanlıqlar cəlb etməyi planlaşdırır.
Birgə bəyanatda tərəflər Hörmüz boğazında naviqasiya azadlığının qorunması məqsədilə diplomatik, iqtisadi və hərbi səylərin əlaqələndirilməsinə sadiq olduqlarını vurğulayıblar.
Sənəddə həmçinin qeyd olunub ki, Yaxın Şərqdəki münaqişə və boğazın bağlanması qlobal iqtisadiyyata, enerji resurslarının tədarükünə və enerji təhlükəsizliyinə mənfi təsir göstərir. Bu vəziyyət xüsusilə Sakit okean regionunda yerləşən daha həssas dövlətlər üçün ciddi risklər yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.