Nigerdə eynicinsli münasibətlərə görə həbs cəzası tətbiq edilib

Nigerdə hakimiyyət yeni Cinayət Məcəlləsini qəbul edərək eynicinsli münasibətləri cinayət əməli elan edib. Yeni qanuna əsasən, eynicinsli münasibətlərə görə 5 ildən 10 ilədək həbs və pul cəriməsi nəzərdə tutulur.
Beləliklə, Niger son illərdə LGBT icmasına münasibətdə qanunvericiliyi sərtləşdirən Qərbi Afrika ölkələri sırasına qoşulub. Ölkədə eynicinsli münasibətlər cəmiyyət tərəfindən ənənəvi olaraq tabu hesab edilsə də, indiyədək buna görə cinayət məsuliyyəti mövcud deyildi.
Qanun 2023-cü ilin iyulunda hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş Abdurahaman Tiani rəhbərliyindəki hərbi hökumət tərəfindən qəbul edilib. Mövcud hakimiyyət ölkənin suverenliyinin gücləndirilməsi və Qərb təsirindən uzaqlaşma siyasəti yürüdür.
Yeni qanunvericiliyə görə, hakimiyyətin “əxlaqsız” və ya “qeyri-təbii” hesab etdiyi hərəkətlərin törədilməsi və ya buna cəhd göstərilməsi də cəzalandırılacaq. Bu müddəalar LGBT icmasına aid fəaliyyətləri də əhatə edir.
Bundan əlavə, eynicinsli nikahlara görə 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub. Eyni cəza LGBT təşkilatlarını yaradan, maliyyələşdirən, idarə edən və ya onların fəaliyyətində iştirak edən şəxslərə də tətbiq oluna bilər.
Nigerin ədliyyə naziri Aliou Daouda bildirib ki, qərar ölkənin sosial və mədəni dəyərlərinə uyğun olaraq, “tam məsuliyyət və suverenlik şəraitində” qəbul edilib.
Qeyd edək ki, son illərdə Burkina Faso eynicinsli münasibətlərə görə 5 ilədək həbs cəzası tətbiq edib, Qana bu sahədə maksimum 3 il həbs nəzərdə tutan qanun qəbul edib, Seneqal isə analoji əməllərə görə cəzaları daha da sərtləşdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.