G7 ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlərin tədarükünü artıracaq

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri, raket-interseptorlar və uzaqmənzilli silahların tədarükünü artırmaq barədə razılığa gəliblər.
Bu barədə Fransaın Evian-le-Ben şəhərində keçirilən sammit çərçivəsində qəbul edilən birgə bəyanatda qeyd olunub.
Sənəddə həmçinin bildirilir ki, G7 ölkələri Ukraynanın qarşıdan gələn qış mövsümünə enerji dayanıqlığının gücləndirilməsi üçün dəstək göstərməyə hazırdır.
Bəyanatda “Ukrayna xalqına qarşı sistematik Rusiya hücumları fonunda sarsılmaz həmrəylik” ifadə olunub və Ukrayna ordusunun müqaviməti, eləcə də döyüş meydanında “yeni dinamikanın” yaranması vurğulanıb.
G7 həmçinin Rusiyaya qarşı təzyiqləri artırmaq niyyətində olduğunu açıqlayıb. Xüsusilə neft və qaz sektoruna yönəlmiş əlavə sanksiyaların gündəmdə olduğu qeyd edilib. Liderlər əlavə məhdudiyyətlər üçün əlverişli şəraitin yarandığını, xüsusilə ABŞ-ın İranla Hörmüz boğazının açılması ilə bağlı razılaşmasından sonra enerji bazarlarında yeni vəziyyətin formalaşdığını bildiriblər.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya verilməsini istədiyini açıqlamışdı. O, davam edən ballistik hücumlar fonunda raket-interseptor çatışmazlığının ciddi problem olduğunu vurğulayıb.
Zelenski həmçinin bildirib ki, Ukrayna Avropa və ABŞ tərəfdaşları ilə birlikdə Avropada HHM sistemlərinin istehsalını təşkil etmək imkanını müzakirə edir.
G7 sammiti çərçivəsində Zelenski ABŞ prezidenti ilə görüşündə də bu məsələni qaldırıb və Patriot sistemləri üçün istehsal lisenziyalarının verilməsini xahiş edib. Onun sözlərinə görə, qarşı tərəf bu təklifi “müsbət qarşılayıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.