POLITICO: FON DER LYAYEN ÜÇÜNCÜ MÜDDƏTƏ NAMİZƏD OLMAYACAQ

Ursula von der Leyen 2029-cu ildə üçüncü müddətə Avropa Komissiyasının rəhbəri postuna yenidən namizəd olmayacaq.
Bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası sədrinin aparat rəhbəri Björn Seibert bu barədə yüksəkvəzifəli rəsmilərlə keçirilən qapalı görüşdə danışıb. Bildirilir ki, açıqlamanın məqsədi Avropa Komissiyasında planlaşdırılan struktur dəyişikliklərinin hakimiyyətin mərkəzləşdirilməsi cəhdi olması ilə bağlı narahatlıqları aradan qaldırmaq olub.
Nəşr xatırladır ki, Avropa İttifaqının təsis müqavilələrində Avropa Komissiyası sədrinin neçə müddət vəzifədə qala biləcəyi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. Lakin növbəti seçkilər zamanı fon der Lyayenin 70 yaşı tamam olacaq.
Bundan əvvəl Politico yazmışdı ki, Avropa Komissiyası regional və sosial fondların idarə olunması üçün yeni investisiyalar baş direktorluğunun yaradılması imkanını nəzərdən keçirir. Nəşrin məlumatına görə, bu addım fon der Lyayenin qurum daxilində təsir imkanlarını daha da genişləndirə bilər.
Qeyd olunur ki, yeni strukturun yaradılması ilə bağlı müzakirələr Avropa Komissiyasının ən qədim qurumlarından biri olan Regional və Şəhər Siyasəti Baş Direktorluğunun ləğvi ehtimalı fonunda aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.