İran XİN: Zənginləşdirilmiş uran ölkə ərazisindən çıxarılmayacaq

İran zənginləşdirilmiş uranı ölkə ərazisindən çıxarmağı planlaşdırmır. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai dövlət televiziyası IRIB-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran əvvəldən bəyan edib ki, zənginləşdirilmiş nüvə materialları ölkədən kənara çıxarılmayacaq. Bəqai qeyd edib ki, mümkün variantlardan biri həmin materialların İran ərazisində seyrəldilməsi və zənginləşdirmə səviyyəsinin aşağı salınmasıdır.
İran XİN sözçüsü bu açıqlamanı Tehran və Vaşinqton arasında münaqişənin başa çatdırılmasına dair memorandumun imzalanması barədə məlumatdan sonra verib. Bildirilib ki, növbəti mərhələdə İranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi ilə bağlı əlavə danışıqların keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.