AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zatulin: Rusiya Ermənistan seçkilərinin nəticələrini qəbul etmir, lakin əməkdaşlığı davam etdirəcək

  • + A
  • - A
  • Dünən, 23:06

    Zatulin: Rusiya Ermənistan seçkilərinin nəticələrini qəbul etmir, lakin əməkdaşlığı davam etdirəcək

    Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistan parlament seçkilərinin nəticələrinin demokratik və beynəlxalq standartlara uyğun keçirildiyini qəbul etmədiklərini bildirib.

    O, "Moskovski Komsomolets" qəzetinə müsahibəsində qeyd edib ki, seçki prosesi zamanı siyasi qüvvələr üçün bərabər rəqabət şəraiti yaradılmayıb, müxalifətə qarşı təzyiq halları müşahidə olunub və bu tendensiyalar həm seçkiqabağı dövrdə, həm də səsvermədən sonra davam edib.
    Zatulinin sözlərinə görə, Moskva keçirilən seçkiləri "ədalətli və obyektiv" hesab etmir:

    "Biz bu seçkiləri demokratik və ümumi qəbul olunmuş standartlara uyğun hesab edə bilmərik. Çünki bərabər seçki mübarizəsi üçün şərait təmin olunmayıb".

    Rusiyalı deputat səsvermə zamanı müəyyən pozuntuların və bəzi məntəqələrdə mübahisəli qərarların qeydə alındığını, bunun da yekun nəticələrə təsir göstərə biləcəyini iddia edib.
    Bununla belə, Zatulin vurğulayıb ki, Rusiya Ermənistanla mövcud müttəfiqlik münasibətlərini və əməkdaşlığı davam etdirəcək:

    "Biz bu seçkilərin nəticələrini dürüst və obyektiv hesab etmirik. Lakin Ermənistanla ittifaqlarda təmsil olunduğumuz və ənənəvi əlaqələrə malik olduğumuz üçün əməkdaşlığı davam etdirəcəyik".

    O bildirib ki, Moskva faktiki olaraq Ermənistanın hazırkı hakimiyyəti ilə işləməyə davam edəcək, eyni zamanda seçkilərin nəticələrinə dair siyasi mövqeyini qoruyacaq.

    Zatulin həmçinin Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların gələcəkdə ikitərəfli münasibətlərə və iqtisadi əməkdaşlığa təsir göstərə biləcəyini qeyd edib. Onun fikrincə, İrəvanın xarici siyasət kursunda dəyişikliklər baş verərsə, Avrasiya inteqrasiya strukturlarında iştirak və iqtisadi münasibətlər yenidən nəzərdən keçirilə bilər.

    Deputat enerji daşıyıcılarının qiymətləri, hərbi əməkdaşlıq və Rusiyanın regiondakı hərbi mövcudluğu məsələlərinin də Ermənistanın gələcək strateji seçimlərindən asılı olacağını vurğulayıb.

    Sonda o əlavə edib ki, gələcəkdə Moskva ilə İrəvan arasında siyasi təmasların səviyyəsi azaldıla, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər daha məhdud formatda təşkil oluna bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR