Papa XIV Lev Peruya səfər etməyi planlaşdırır

Vatikan rəhbəri Papa XIV Lev bu ilin noyabr ayının ilk yarısında Peruya səfər etməyi planlaşdırır. Bu barədə Perunun müvəqqəti prezidenti Xose Balsasar pontifiklə Vatikanda keçirdiyi görüşdən sonra məlumat verib.
Prezidentin sözlərinə görə, səfərin 10 günə qədər davam edəcəyi gözlənilir. Papa paytaxt Lima ilə yanaşı, uzun illər xidmət etdiyi Çiklayo şəhərinə və ölkənin bir sıra digər yeparxiyalarına baş çəkə bilər.
Xose Balsasar bildirib ki, görüş zamanı təkcə siyasi məsələlər deyil, həm də Çiklayonun mətbəxi və bölgənin xüsusiyyətləri müzakirə olunub. Onun sözlərinə görə, Papa şəhərlə bağlı xatirələrini böyük səmimiyyətlə bölüşüb.
Qeyd edək ki, Papa XIV Lev bundan əvvəl amerikalı kardinal Robert Prevo kimi tanınıb. O, Perunun şimal-qərbində yerləşən Çiklayo yeparxiyasının yepiskopu olub və 2015-ci ildə Peru vətəndaşlığı alıb.
Məlumata görə, pontifik daha sonra Cənubi Amerika turnesi çərçivəsində Uruqvay və Argentinaya da səfər etməyi nəzərdən keçirir. Bu səfərlərin Katolik Kilsəsinin region ölkələri ilə əlaqələrinin daha da gücləndirilməsinə xidmət edəcəyi bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.