Avropa Parlamentində iki deputata qarşı sanksiya tələbi

Avropa Parlamentində “Yenilənən Avropa fraksiyasının sədri Valerie Hayer irqçilik qalmaqalı ilə bağlı Avropa Mühafizəkarları və İslahatçılar (ECR) qrupundan olan iki deputata qarşı sanksiyaların tətbiq edilməsini tələb edib.
Məsələ İsveçdən olan deputat Abir Al-Sahlani ilə bağlı baş verən insidentdən sonra gündəmə gəlib. İyunun 17-də deportasiya haqqında qanun layihəsinin səsverməsindən sonra iraq mənşəli deputat özünü təhlükədə hiss etdiyini bildirib.
Bundan sonra Finlandiyadan olan deputat Sebastian Tynkkynen sosial şəbəkədə “daha çox ağlayın” ifadəsi ilə paylaşım edib. Danimarkalı deputat Kristoffer Storm isə ona “evinə qayıtmalıdır” sözlərini ünvanlayıb.
Al-Sahlani bu ifadələri irqi ayrı-seçkiliyin təzahürü kimi qiymətləndirərək məsələni mediaya çıxarıb. Bunun ardınca Hayer Avropa Parlamentinin sədri Roberta Metsola ünvanladığı məktubda deputatlara qarşı intizam tədbirlərinin görülməsini istəyib.
Öz növbəsində Kristoffer Storm bildirib ki, “evinə qayıt” ifadəsi deputatın mənşəyinə deyil, səsvermənin nəticələrinə reaksiyasına yönəlib. Onun sözlərinə görə, Al-Sahlani iclas zalını tərk edə bilərdi və siyasi rəqiblərini təhdidlərdə ittiham etməməli idi.
Hadisə Avropa Parlamentində irqçilik, siyasi etika və deputatların davranış qaydaları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.