İsrail prezidenti: Livan məsələsinin ABŞ-İran danışıqlarına daxil edilməsi səhvdir

İsrail Prezidenti İsxak Hersoq ABŞ və İran arasında aparılan danışıqlara Livan məsələsinin daxil edilməsini yanlış addım hesab etdiyini bildirib.
O, İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində deyib ki, İsrail və Livan arasında razılaşma istənilən vaxt imzalana bilər, çünki tərəflər arasında ərazi mübahisəsi mövcud deyil.
"Biz beynəlxalq ictimaiyyətə dəfələrlə izah etməli oluruq ki, bu prosesə mane olan əsas amil 'Hizbullah' terror təşkilatıdır. İranın Livan-İsrail nizamlanması prosesinə cəlb edilməsi isə böyük səhvdir", – deyə Hersoq vurğulayıb.
İsrail prezidenti qeyd edib ki, bu məsələ ölkəsini ciddi narahat edir və narahatlıq ABŞ tərəfinin diqqətinə çatdırılıb.
Xatırladaq ki, iyunun 17-də ABŞ və İran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
İyunun 21-də isə İsveçrənin Bürgenştok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri memorandumun icrası ilə bağlı danışıqlar aparıblar. Dördtərəfli görüşdə iştirak edən nümayəndə heyətləri müxtəlif münaqişələrin, o cümlədən Livandakı vəziyyətin nizamlanması üçün xüsusi işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Qətər və Pakistanın yaydığı birgə bəyanatda bildirilib ki, həmin işçi qrupunun fəaliyyətinə Livan nümayəndələri də cəlb olunacaq.
Bununla yanaşı, iyunun 23-25-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan və İsrail arasında danışıqların beşinci raundunun keçirilməsi planlaşdırılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.