Almaniyada yalnız alman dilində danışanların buraxıldığı göl qalmaqala səbəb olub

Almaniyanın şərqində yerləşən Halle şəhərindəki Heydesee (Heidesee) gölündə tətbiq edilən yeni giriş qaydası ölkədə ciddi müzakirələrə yol açıb. Gölün rəhbərliyi təhlükəsizlik səbəbindən alman dilini bilməyən şəxslərin əraziyə girişini müvəqqəti məhdudlaşdırsa da, şəhər rəhbərliyi və hüquq müdafiəçiləri bu addımı ayrı-seçkilik kimi qiymətləndiriblər.
Məsələ keçmiş daş karxanasının yerində formalaşmış təbii su hövzəsi olan Heydesee gölü ilə bağlıdır. Obyektin meneceri Matias Nobel bildirib ki, qərar son vaxtlar baş verən bir sıra hadisələrdən sonra qəbul edilib. Onun sözlərinə görə, bəzi ziyarətçilər təhlükəsizlik qaydalarına və xilasedicilərin alman dilində etdikləri xəbərdarlıqlara əməl etmədikləri üçün insanların həyatı risk altına düşüb.
Lakin bu qərar hüquq müdafiə təşkilatlarının və yerli hakimiyyətin sərt reaksiyasına səbəb olub. Almaniyanın anti-diskriminasiya qurumunun nümayəndələri qeyd ediblər ki, belə bir praktika faktiki olaraq müəyyən əhali qruplarının ictimai istirahət məkanlarından kənarda qalmasına gətirib çıxara bilər.
Halle şəhərinin rəhbərliyi göl operatorundan qadağanı ləğv etməyi tələb edib. Şəhər administrasiyası hesab edir ki, tətbiq olunan tədbir qeyri-mütənasibdir və ictimai məkanlara bərabər çıxış prinsipini pozur.
Məsələyə Almaniyanın xilasedicilər assosiasiyası olan DLRG də münasibət bildirib. Təşkilat təhlükəsizliyin təmin olunması üçün daha yumşaq üsulların – piktoqramların, müxtəlif dillərdə məlumat lövhələrinin və çoxdilli təlimatların tətbiq edilməsinin mümkün olduğunu vurğulayıb.
Qalmaqal qarşıdan gələn Saksoniya-Anhalt əyalət seçkiləri fonunda siyasi müstəviyə də keçib. AfD hadisədən miqrasiya siyasətini tənqid etmək üçün istifadə edərək, ictimai çimərlik və hovuzların təhlükəsizliyi ilə bağlı narahatlıqlarını dilə gətirib.
Hazırda Halle şəhər rəhbərliyi göl operatorunun təhlükəsizlik problemlərini həll etmək üçün ziyarətçilərin hüquqlarını məhdudlaşdırmayan alternativ yollar tapmalı olduğunu bildirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.