Böyük Britaniya Ukraynanın bərpasına əlavə 380 milyon dollar ayırıb

Böyük Britaniya hökuməti Ukraynanın bərpası üçün əlavə 290 milyon funt sterlinq (təxminən 380 milyon ABŞ dolları) vəsait ayırıb.
Bu barədə Birləşmiş Krallığın xarici işlər naziri İvett Kuper məlumat verib.
Yeni yardım paketi çərçivəsində Böyük Britaniyanın Urenco şirkəti ilə Ukraynanın dövlət enerji şirkəti "Enerqoatom" üçün nüvə yanacağının tədarükünə dair 210 milyon funt sterlinqlik saziş imzalanıb.
Bundan əlavə, Britaniya tərəfi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə Ukraynada bərpa olunan enerji və bank sektorunda həyata keçiriləcək layihələrə 65 milyon funt sterlinqədək maliyyə dəstəyi ayıracaq. Bu vəsait hesabına iki külək elektrik stansiyasının tikilməsi və "Lviv Bank" vasitəsilə biznesin dəstəklənməsi planlaşdırılır.
Yardım paketinə həmçinin Britaniya şirkətlərinin Lvov hava limanının modernləşdirilməsində iştirakı daxildir. Ayrılan vəsaitin bir hissəsi Ukraynada korrupsiyaya qarşı mübarizə, məhkəmə sistemi və dövlət idarəçiliyi sahəsində islahat proqramlarının həyata keçirilməsinə yönəldiləcək.
İvett Kuper bu açıqlamanı Qdansk şəhərində keçirilən Ukraynanın bərpasına həsr olunmuş konfransda səsləndirib.
Qeyd olunub ki, 2022-ci ildən indiyədək Böyük Britaniyanın Ukraynaya hərbi olmayan sahələr üzrə göstərdiyi ümumi yardımın həcmi 5,6 milyard funt sterlinqə (təxminən 7,4 milyard ABŞ dolları) çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.