Meksikada sürücü azarkeşlərin üzərinə avtomobil sürüb, 17 nəfər xəsarət alıb

Meksikanın Kabo-San-Lukas şəhərində futbol üzrə 2026-cı il dünya çempionatında Meksika millisinin Çexiya üzərində qələbəsini qeyd edən azarkeşlərin üzərinə avtomobil sürülüb. Hadisə nəticəsində azı 17 nəfər xəsarət alıb.
Bu barədə şəhər meriyası məlumat yayıb.
Bildirilib ki, insident iyunun 24-nə keçən gecə Kabo-San-Lukas şəhərinin Lasaro Kardenas bulvarında baş verib. Meksika millisinin qələbəsi münasibətilə keçirilən kütləvi bayram zamanı avtomobil bir neçə nəfəri vurub.
İlkin məlumata görə, azarkeşlər hərəkətdə olan avtomobilin ətrafını mühasirəyə alaraq onun keçməsinə mane olublar. Bundan qəzəblənən sürücü sürəti artıraraq insanların üzərinə gedib. Daha sonra avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Hadisədən sonra azarkeşlər sürücünü və avtomobildə olan sərnişinləri polis gələnədək saxlayıblar. Yaralananlar xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir.
Sürücü polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.