Əfqanıstan Pakistanın hava zərbələri nəticəsində mülki şəxslərin həlak olduğunu açıqlayıb

Əfqanıstan hakimiyyəti Pakistan Hərbi Hava Qüvvələrinin ölkənin bir neçə əyalətinə endirdiyi hava zərbələri nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğunu bəyan edib.
Əfqanıstanın ali rəhbərinin sözçüsü Zabiullah Mücahid X sosial şəbəkəsində bildirib ki, bazar günü axşam Pakistan aviasiyası Paktika əyalətinin Giyan, Paktiya əyalətinin Tsamkani və Kunar əyalətinin Maravar rayonlarını bombalayıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla onlarla dinc sakin həlak olub və yaralanıb.
Zabiullah Mücahid Pakistanın hərəkətlərini "qorxaq, təcavüzkar və vəhşicəsinə törədilmiş cinayət" adlandıraraq onları qətiyyətlə pisləyib.
O, həmçinin xatırladıb ki, cari ilin 8 iyun tarixində də Pakistan Hərbi Hava Qüvvələri Kunar, Xost və Paktika əyalətlərində mülki əhaliyə məxsus evləri bombalamışdı. Həmin hücum nəticəsində 11-i uşaq olmaqla 13 nəfər həlak olmuş, 14 qadın və uşaq yaralanmışdı.
Bundan əvvəl Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, ölkənin təhlükəsizlik qüvvələri Pakistan-Əfqanıstan sərhədi boyunca planlaşdırılmış quru əməliyyatı keçirib. Onun sözlərinə görə, əməliyyatdan sonra sərhəd bölgəsində terrorçuların sığınacaqlarına dəqiq hava zərbələri endirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.