Aİ-də siyasi birliyin fəaliyyətinin araşdırılması tələb olunur

Avropa Parlamentinin 180-dən çox üzvü Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası ilə əlaqələndirilən "Suveren Millətlər Avropası" (Europe of Sovereign Nations) siyasi birliyinin fəaliyyətinin rəsmi şəkildə araşdırılmasını tələb edir.
Der Spiegel nəşrinin məlumatına görə, Avropa siyasi partiyaları və siyasi fondları üzrə məsul qurum (APPF) hazırladığı hesabatda bu birliyin Aİ müqavilələrinin fundamental prinsiplərini pozmuş ola biləcəyini bildirib.
Məlumata əsasən, sosial-demokratlar, yaşıllar, liberallar və sol fraksiyaları təmsil edən 181 avroparlamentari məsələ ilə bağlı rəsmi araşdırmanın başlanmasını tələb edən müraciət hazırlayıb. Bildirilir ki, təşəbbüs bəzi mərkəz sağ qüvvələr tərəfindən də dəstəklənir və buna görə də onun Avropa Parlamentində qəbul olunma ehtimalı yüksək qiymətləndirilir.
Araşdırma nəticəsində pozuntular təsdiqlənərsə, "Suveren Millətlər Avropası" Avropa siyasi partiyası statusunu itirə bilər. Bu isə təşkilatın Aİ büdcəsindən hər il aldığı milyonlarla avro maliyyə dəstəyindən məhrum olması ilə nəticələnə bilər.
APPF-nin hesabatında birliyin 2024-cü ildə Sofiyada Avropa Komissiyasının nümayəndəliyinin binasına edilən yandırma hücumu ilə əlaqəli etirazlarla mümkün əlaqələri, eləcə də ayrı-seçkilik xarakteri daşıya biləcək və nasist rejiminin cinayətlərini şübhə altına alan bəyanatlar və materiallar yer alıb.
Avropa Parlamentinin Yaşıllar fraksiyasından deputat Daniel Froynd bildirib ki, söhbət Avropa İttifaqının əsas dəyərlərinin pozulmasından gedir və bu qaydalara əməl etməyən siyasi qüvvələr Aİ maliyyəsindən yararlanmamalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.