AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Rusiyanın hərbi sənaye obyektləri və neft emalı zavodunu PUA-larla vurdu

  • + A
  • - A
  • Bu gün, 12:06

    Ukrayna Rusiyanın hərbi sənaye obyektləri və neft emalı zavodunu PUA-larla vurdu


    Ukrayna iyulun 1-i səhər saatlarında Rusiyanın Penza və Ufa şəhərlərində yerləşən hərbi-sənaye və enerji obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

    Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, zərbələrdən biri Penzada yerləşən, Rusiyanın dövlət korporasiyası "Roskosmos"-a məxsus Fiziki Ölçmələr Elmi-Tədqiqat İnstitutuna (NİİFİ) endirilib. Bildirilir ki, müəssisədə döyüş təyyarələri və raket sistemləri üçün sensorlar və ölçmə avadanlıqları istehsal olunur.

    Ukrayna tərəfi iddia edir ki, institut Su-34 və Su-57 qırıcıları, həmçinin X-101, X-59M2, "İskəndər", "Bulava" və "Topol-M" raket kompleksləri üçün komponentlər hazırlayır.

    Penza vilayətinin qubernatoru Oleq Melniçenko bildirib ki, hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçuş aparatını zərərsizləşdirib. Onun sözlərinə görə, PUA-nın qalıqları elektrik xətlərinə və tikintisi başa çatmamış binaya ziyan vurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

    Ukrayna Prezidenti Volodymyr Zelenskyy Penzadakı zərbənin Rusiyanın hərbi-sənaye kompleksinə aid strateji obyektə endirildiyini təsdiqləyib.

    Zelenski əlavə edib ki, Ukrayna eyni zamanda cəbhə xəttindən 1300 kilometrdən çox məsafədə yerləşən Ufa şəhərindəki neft emalı kompleksini də hədəfə alıb. Məlumata görə, zərbə şəhərin şimalında yerləşən neft emalı müəssisələrinə endirilib.

    Ukrayna Prezidenti bildirib ki, uzaqmənzilli zərbələr Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab xarakteri daşıyır və məqsəd Moskvanı müharibəni dayandırmağa məcbur etməkdir.

    Rusiya Müdafiə Nazirliyi isə açıqlayıb ki, iyunun 30-u saat 21:00-dan iyulun 1-i saat 08:00-dək Ukraynaya məxsus ümumilikdə 179 pilotsuz uçuş aparatı Rusiyanın müxtəlif bölgələri üzərində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və ya ələ keçirilib. Nazirliyin məlumatına görə, PUA-lar Penza, Bryansk, Kursk, Belqorod, Saratov, Samara, Volqoqrad, Kaluqa, Rostov, Tver, Ulyanovsk vilayətləri, Krasnodar və Stavropol diyarları, Moskva bölgəsi, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində zərərsizləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR