Ramzan Kadırov ilk dəfə Dövlət Dumasına seçkilərdə "Vahid Rusiya"nın siyahısına salınmayıb

Çeçenistan rəhbəri Ramzan Kadırov uzun illərdən sonra ilk dəfə "Vahid Rusiya" Partiyasının Dövlət Dumasına seçkilər üçün Çeçenistan üzrə namizədlər siyahısına daxil edilməyib.
Məlumata görə, partiyanın respublika üzrə siyahısına Dövlət Dumasının deputatları Şamsail Saraliyev, Ruslan Leçhadjiyev, Əhməd Doqayev, həmçinin Çeçenistanın Baş naziri Maqomed Daudov, onun birinci müavini İsa Tumxaciyev və administrasiya rəhbəri Qalas Taymasxanov başçılıq edir.
Kadırovun yaxın silahdaşlarından biri olan Adam Delimxanov isə "Vahid Rusiya"nın birmandatlı seçki dairəsi üzrə namizədi kimi irəli sürülüb.
Bildirilib ki, Ramzan Kadırov 2007-ci ildən etibarən parlament seçkilərində mütəmadi olaraq "Vahid Rusiya"nın Çeçenistan üzrə regional siyahısına rəhbərlik edib.
Bundan əlavə, o, iyunun 28-də keçirilən "Vahid Rusiya" Partiyasının qurultayında da iştirak etməyib.
Qeyd edək ki, son bir neçə ildə Ramzan Kadırovun səhhəti ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, o, xəstə olması barədə məlumatları təkzib edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.