Polşa Baş naziri kriptovalyuta qalmaqalı ilə bağlı böhtan işi üzrə deputat toxunulmazlığından imtina edib

Polşanın Baş naziri Donald Tusk kriptovalyuta əlaqələri ilə bağlı səsləndirdiyi iddialara görə açılan böhtan işi çərçivəsində könüllü şəkildə deputat toxunulmazlığından imtina edib.
Hökumətin sözçüsü Adam Szłapka bildirib ki, Baş nazir məhkəmə prosesində iştirak etməyə və ittihamlarla bağlı məhkəmə qarşısında cavab verməyə hazırdır.
İddia keçmiş ədliyyə naziri Zbigniew Ziobro ilə əlaqəli olan Polska Suwerenna İnstitutunun fondu tərəfindən qaldırılıb. Fond Donald Tuskun təşkilatın iflasa uğramış Zondacrypto kriptovalyuta birjası ilə əlaqələri barədə səsləndirdiyi fikirləri böhtan kimi qiymətləndirir.
Donald Tusk daha əvvəl bəyan etmişdi ki, guya Zondacrypto ilə əlaqəli strukturlardan fonda yönəldilən vəsaitlərin bir hissəsi cinayət işlərində adı hallanan şəxslərin hüquqi müdafiəsinin maliyyələşdirilməsinə sərf olunub.
Polşa hökuməti bu maliyyə əlaqələrinin mövcud olduğunu və həmin vəsaitlərin kriptovalyuta bazarının tənzimlənməsinə qarşı siyasi fəaliyyət üçün istifadə edildiyini iddia edir.
Bununla belə, fond bütün ittihamları rədd edərək Zondacrypto platformasından heç vaxt maliyyə almadığını bildirib. Təşkilat həmçinin Baş nazirin açıqlamalarını siyasi rəqiblərə qarşı təzyiq və nüfuzdan salma cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, Zondacrypto ətrafında yaranmış qalmaqal Polşada son illərin ən iri maliyyə işlərindən biri hesab olunur. İstintaqın məlumatına görə, on minlərlə investor yüz milyonlarla zlotı itirib. Prokurorluq hazırda mümkün çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıqla əlaqələr də daxil olmaqla bir sıra faktları araşdırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.