ABŞ-da Müstəqillik Günü iğtişaşlarla yadda qaldı: 400-dən çox şəxs saxlanıldı

ABŞ-da Müstəqillik Günü iğtişaşlarla yadda qaldı: 400-dən çox şəxs saxlanıldı
ABŞ-ın Newport Beach şəhərində Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər kütləvi iğtişaşlarla nəticələnib. Los Angeles Times qəzetinin məlumatına görə, baş verən hadisələr zamanı 400-dən çox şəxs polis tərəfindən saxlanılıb.
Məlumata əsasən, iyulun 4-ü axşam saatlarında polis yarımadaya kütləvi iğtişaşlar barədə daxil olan çağırışlardan sonra cəlb edilib. Minlərlə insanın toplaşdığı ərazidə fişənglər nəzarətsiz şəkildə buraxılıb, müxtəlif yerlərdə davalar baş verib. Hadisə şahidləri vəziyyəti "tam xaos" kimi qiymətləndiriblər.
Bildirilir ki, saxlanılanların əhəmiyyətli hissəsi yetkinlik yaşına çatmayan şəxslər və digər bölgələrdən gələnlər olub. Bundan əlavə, bəzi yeniyetmələrin spirtli içki qəbul etdiyi və ictimai iaşə obyektlərinin əməkdaşlarına qarşı aqressiv davranış sərgilədiyi qeyd olunur.
Hadisələr zamanı polis əməkdaşlarından biri ona minaatan tipli pirotexniki vasitənin atılması nəticəsində xəsarət alıb. Onun həyatına təhlükə olmadığı bildirilir.
Ertəsi gün könüllülər çimərlik və küçələrin təmizlənməsi işlərinə başlayıblar. Şəhər rəhbərliyi hüquq pozuntularına qarşı "Not in Newport" ("Nyuportda buna yer yoxdur") adlı sıfır tolerantlıq kampaniyasına start verib. Həmçinin qanunları pozan qısamüddətli kirayəçilərə ev verən mülkiyyət sahiblərinin icarə icazələrinin ləğv ediləcəyi açıqlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.