Politico: NATO ölkələri Rusiya ilə mümkün müharibəyə hazırlaşmaq üçün müdafiəni gücləndirir

NATO-ya üzv olan və Rusiya ilə Belarusla həmsərhəd ölkələr mümkün hərbi qarşıdurma riskini nəzərə alaraq müdafiə imkanlarını genişləndirirlər. Bu barədə Politico nəşri yazıb.
Məlumata görə, Şimali Avropa və Baltik regionu ölkələri sərhədlərin möhkəmləndirilməsi, orduların genişləndirilməsi, yeni müdafiə infrastrukturlarının qurulması və müasir silah sistemlərinin alınması istiqamətində fəaliyyətlərini sürətləndiriblər.
Nəşr xatırladır ki, ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinin İranla bağlı qarşıdurmada Vaşinqtona kifayət qədər dəstək vermədiyini bildirərək, hətta NATO-dan çıxmaq ehtimalını da gündəmə gətirmişdi. Bu isə Avropa ölkələrində təhlükəsizlik məsələlərinə diqqətin daha da artmasına səbəb olub.
Finlandiya müdafiə sahəsinə ümumi daxili məhsulunun (ÜDM) təxminən 3 faizini ayırır. Ölkə NATO qarşısında götürdüyü öhdəliklər çərçivəsində bu göstəricini 2035-ci ilədək 5 faizə çatdırmağı planlaşdırır. Bundan əlavə, yaxın aylarda Finlandiya Hərbi Hava Qüvvələrinin ABŞ istehsalı olan F-35 qırıcılarını qəbul edəcəyi gözlənilir. Bununla belə, nəşrin yazdığına görə, ölkə ordusu pilotsuz uçuş aparatlarından geniş istifadə sahəsində hələ də inkişaf mərhələsindədir.
Polşa isə müdafiə strategiyasında sərhəd istehkamlarının qurulmasına üstünlük verir. Ölkə Kalininqrad vilayəti və Belarusla sərhəd boyunca beton maneələr, müşahidə sensorları, pilotsuz uçuş aparatları və digər müdafiə sistemlərinin yaradılmasına milyardlarla vəsait yatırır. Eyni zamanda, Politico bəzi ərazilərdə planlaşdırılan işlərlə real vəziyyət arasında fərqlərin olduğunu qeyd edir. Bildirilir ki, bəzi istehkamlar tikildikdən sonra sökülür, tikinti materialları anbarlarda qalır və yerli sakinlər tikinti işlərinin zəiflədiyini müşahidə edirlər.
Litva, Latviya və Estoniya isə birgə həyata keçirdikləri Baltik Müdafiə Xətti layihəsi çərçivəsində müdafiə potensialını artırırlar. Layihə çərçivəsində tank əleyhinə xəndəklərin qazılması, mina sahələrinin yaradılması, bunker və beton istehkamların tikintisi, pilotsuz uçuş aparatları və müşahidə sensorlarının tətbiqi, eləcə də orduların say tərkibinin artırılması nəzərdə tutulur.
Nəşrin qiymətləndirməsinə görə, NATO-nun şərq cinahında yerləşən ölkələr son illərdə təhlükəsizlik mühitində baş verən dəyişiklikləri nəzərə alaraq müdafiə hazırlığını əhəmiyyətli dərəcədə gücləndirməyə çalışırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.