AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ vitse-prezidenti: Rusiyanın Ukraynada hücum imkanları demək olar ki, tükənib

  • + A
  • - A
  • Bu gün, 15:26

    ABŞ vitse-prezidenti: Rusiyanın Ukraynada hücum imkanları demək olar ki, tükənib


    ABŞ-ın vitse-prezidenti Cey Di Vens Rusiyanın Ukraynada hücum potensialının demək olar ki, sıfıra yaxınlaşdığını bildirib.

    O, The Times nəşrinə müsahibəsində deyib ki, Rusiya ordusu işğal etdiyi hər əlavə kvadrat kilometr ərazi üçün çox ağır itkilər verir. Vensin sözlərinə görə, hazırkı mərhələdə Moskvanın hücum əməliyyatlarını davam etdirməklə əldə edə biləcəyi hərbi üstünlük olduqca məhduddur və demək olar ki, sıfıra bərabərdir.

    ABŞ rəsmisi hesab edir ki, bu vəziyyət Vaşinqtonun Kiyevə əsas diqqəti müdafiəyə yönəltməyi tövsiyə etməsindən sonra formalaşıb. Onun sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatlarından geniş istifadə etməsi və Rusiya qüvvələrini tədricən zəiflətməyə yönəlmiş taktika genişmiqyaslı əks-hücum əməliyyatlarından daha effektiv nəticə verir.

    Vens bildirib ki, Ukraynanın müdafiədə əldə etdiyi nəticələr və Rusiyanın hücum potensialının tükənməsi müharibənin başa çatdırılması üçün yeni imkanlar yaradır.

    Bundan əvvəl Bloomberg-in mənbələri xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı qiymətləndirməsini dəyişib. Məlumata görə, həm Trampın komandasında, həm də G7 ölkələri arasında Rusiyanın döyüş meydanında qələbə qazana bilməyəcəyi barədə ümumi fikir formalaşıb.

    Məlumata əsasən, Tramp qapalı görüşlərdə Ukraynaya dəstəyin davam etdirilməsinə və Rusiyaya qarşı təzyiqlərin artırılmasına hazır olduğunu bildirib. O, daha əvvəl verdiyi açıqlamada isə Rusiyanın daha güclü orduya malik olduğunu, lakin Ukraynanın müqavimət göstərməyə davam etdiyini qeyd etmişdi.

    Eyni zamanda, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS)-ın hesablamalarına görə, 2026-cı ilin iyun ayınadək Rusiyanın ümumi itkiləri təxminən 1,4 milyon nəfərə çatıb, onlardan 450 minə qədəri həlak olub. Mərkəzin məlumatına görə, 2026-cı ilin ilk yarısında Rusiya və Ukrayna arasındakı itki nisbəti 8:1 təşkil edib.

    Analitiklər bildirirlər ki, Rusiya ordusunun irəliləyiş tempi də əhəmiyyətli dərəcədə azalıb. Finlandiyanın Black Bird Group analitik layihəsinin məlumatına görə, Rusiya ordusu cari ilin fevral-may aylarında Ukraynada 164 kvadratkilometr ərazi nəzarətə götürüb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 1151 kvadratkilometr olmuşdu.

    CSIS-in qiymətləndirməsinə əsasən, Rusiya ordusunun Donetsk vilayəti istiqamətində orta irəliləyiş sürəti hazırda gündə cəmi 50–90 metr təşkil edir.

    Qərb kəşfiyyatının nümayəndələri isə Financial Times qəzetinə bildiriblər ki, müharibəni indiki intensivlikdə davam etdirmək üçün Rusiyaya genişmiqyaslı səfərbərlik lazım ola bilər.

    Hazırda Rusiyanın nəzarətində Ukrayna ərazisinin təxminən 118 min kvadratkilometri, yəni ölkə ərazisinin təxminən 20 faizi qalır. Bunun 75 min kvadratkilometri 2022-ci ildə başlayan genişmiqyaslı işğaldan sonra nəzarətə götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR