Pakistan ABŞ və İrana təmkin çağırışı etdi

Pakistan ABŞ və İran arasında yenidən artan gərginlik fonunda tərəfləri təmkinli olmağa və əvvəllər əldə olunmuş razılaşmalara əməl etməyə çağırıb.
Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, vasitəçilik səyləri nəticəsində imzalanmış İslamabad Anlaşma Memorandumu çərçivəsində bütün tərəflər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər.
Bəyanatda qeyd olunub: "Pakistan bütün tərəfləri İslamabad Anlaşma Memorandumu üzrə öhdəliklərinə sadiq qalmağa və maksimum təmkin nümayiş etdirməyə çağırır."
Bu çağırış ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması və bölgədə əldə edilmiş nisbi sabitliyin təhlükə altına düşməsi fonunda səsləndirilib.
Qeyd edək ki, Pakistan daha əvvəl Vaşinqton və Tehran arasında gərginliyin azaldılması və regionda eskalasiyanın qarşısının alınması məqsədilə aparılan danışıqlarda vasitəçi rolunu oynayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.