Zelenski: ABŞ yaxın günlərdə Ukraynaya Patriot sistemləri üçün yeni raket paketi göndərəcək

Ukrayna yaxın günlərdə ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemləri üçün yeni anti-ballistik raket paketi alacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
Zelenskinin sözlərinə görə, müvafiq razılaşmalar NATO sammiti çərçivəsində əldə olunub və ABŞ-ın təqdim edəcəyi raket paketinin yaxın günlərdə Ukraynaya çatdırılması gözlənilir.
Prezident əlavə edib ki, bir sıra Avropa ölkələri ilə də yeni razılaşmalar əldə edilib. Tədarük tarixləri hələ dəqiqləşdirilməsə də, Ukrayna həmin ölkələrdən də Patriot sistemləri üçün əlavə PAC-3 raketləri alacaq.
Zelenski vurğulayıb ki, ballistik raketlərin qarşısını alan raketlərin çatışmazlığı hazırda Ukraynanın hava hücumundan müdafiə sisteminin əsas problemlərindən biridir. Daha əvvəl Ukrayna müdafiə nazirinin müşaviri Serhiy Beskrestnov ölkənin ballistik hədəflərin məhv edilməsi üçün istifadə olunan raket ehtiyatının demək olar ki, tükəndiyini açıqlamışdı.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Vaşinqtonun Ukraynaya Patriot raketlərinin lisenziyalı istehsalına icazə verəcəyini bəyan etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.