ABŞ-da Ağ Evdə keçirilən UFC şousuna terror hücumu hazırlamaqda şübhəli bilinən 8 nəfərə ittiham irəli sürülüb

ABŞ-da federal böyük münsiflər heyəti Ağ Evin ərazisində iyun ayında keçirilən UFC şousuna terror hücumu hazırlamaqda şübhəli bilinən səkkiz nəfərə qarşı ittiham irəli sürüb.
ABŞ Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, Ohayo dairəsində hazırlanan ittiham aktında təqsirləndirilən şəxslər vahid cinayət işi üzrə mühakimə olunacaqlar. Onlara terrorçulara maddi dəstək göstərmək məqsədilə sui-qəsd və federal ərazidə qətl törətmək məqsədilə sui-qəsd maddələri ilə ittiham verilib.
İstintaqın məlumatına əsasən, qrup hücuma hazırlığa may ayında başlayıb. Onların silah, sursat, partlayıcı maddələr, pilotsuz uçuş aparatları, rabitə vasitələri və qoruyucu avadanlıqlar aldığı bildirilir.
Hüquq-mühafizə orqanlarının iddiasına görə, şübhəlilər radikal konspirasiya xarakterli baxışlara sahib olublar və Prezident Donald Trampın iştirak etdiyi kütləvi tədbirə hücum etməklə federal dövlət institutlarını sabitsizləşdirməyi planlaşdırıblar.
AP agentliyinin məlumatına görə, mümkün təhlükə barədə hüquq-mühafizə orqanlarına iyunun 10-da – "Freedom 250" adlı UFC şousundan dörd gün əvvəl məlumat daxil olub. İstintaqın versiyasına əsasən, plan partlayıcı maddələrlə yüklənmiş dronlardan istifadəni və daha sonra tamaşaçılara atəş açılmasını nəzərdə tuturdu. Şübhəlilər arasında əlaqə onlayn çatlar vasitəsilə saxlanılıb, onların bir hissəsinin isə atıcılıq və taktiki hazırlıq keçdiyi müəyyən edilib.
Tədbirin keçirildiyi günlərdə Ohayo, Missuri, Nebraska və Kaliforniya ştatlarında beş nəfər saxlanılıb. Daha iki şübhəli bir həftə sonra həbs edilib. Səkkizinci təqsirləndirilən şəxs isə Qərbi Virciniya ştatından olan 21 yaşlı Çandler Skaqqs olub. İstintaqın iddiasına görə, ona planlaşdırılan hücum zamanı snayperlərdən biri rolu ayrılıb.
ABŞ qanunvericiliyinə əsasən, terrorçulara maddi dəstək göstərmək məqsədilə sui-qəsd ittihamı üzrə maksimum 15 il, federal ərazidə qətl törətmək məqsədilə sui-qəsd ittihamı üzrə isə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.