AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Le Pen Fransa prezidentliyinə namizədlər arasında sorğulara liderlik edir

  • + A
  • - A
  • Bu gün, 15:17

    Le Pen Fransa prezidentliyinə namizədlər arasında sorğulara liderlik edir


    Fransada prezident seçkiləri qarşıdakı bazar günü – iyulun 12-də keçirilsəydi, sağ millətçi Milli Birlik Partiyasının lideri Marin Le Pen birinci turun qalibi olardı.

    Fransa KİV-lərinin sifarişi ilə müstəqil marketinq və sosioloji araşdırmalar institutu tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, Marin Le Pen seçicilərin 34-36 faizinin dəstəyini qazanaraq rəqiblərini xeyli qabaqlayır.

    Sorğunu şərh edən OpinionWay institutunun sədr müavini Bruno Janbar bildirib ki, Le Penin dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə apellyasiya hökmü onun reytinqinə mənfi təsir göstərməyib. Onun sözlərinə görə, əksinə, prezidentliyə namizədliyini rəsmən elan etməsi seçicilər arasında dəstəyini artırıb.

    Sorğuya əsasən, ikinci yeri sağ-mərkəzçi "Horizons" Partiyasının lideri, Fransanın sabiq baş naziri və Havr şəhərinin meri Eduar Filipp tutur.

    Araşdırmada göstərilir ki, birinci turun ikinci vəsiqəsi uğrunda əsas mübarizə Eduar Filipp, hakim "İntibah" (Renaissance) Partiyasının lideri Qabriel Attal və solçu "Tabe Olmayan Fransa" hərəkatının banisi Jan-Lük Melenşon arasında gedir.

    Əgər Eduar Filipp mərkəzçi düşərgənin yeganə namizədi olarsa, 22 faiz səs toplayır. Filipp və Attal eyni vaxtda seçkiyə qatılacağı halda isə Filipp 18 faiz, Attal isə 7 faiz dəstək qazanır.

    Attal mərkəzçi qüvvələrin yeganə namizədi olarsa, sorğuya görə 16 faiz səs toplayaraq ikinci tura yüksəlmək şansını əldə edir və Jan-Lük Melenşonu geridə qoyur.

    Jan-Lük Melenşonun dəstəyi isə 13-15 faiz arasında dəyişir ki, bu da istənilən ssenaridə onun ikinci tura çıxması üçün kifayət etmir.

    Qeyd edək ki, Fransa hökumətinin açıqlamasına görə, 2027-ci il prezident seçkilərinin birinci turu 18 aprel, ikinci turu isə 2 may tarixində keçiriləcək. Seçkilər Prezident Emmanuel Makronun ikinci prezidentlik müddətinin başa çatmasına 12 gün qalmış yekunlaşacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR