İtaliyanın yeddi şəhərində güclü istilərlə əlaqədar ən yüksək təhlükə səviyyəsi elan edilib

İtaliyanın Səhiyyə Nazirliyi ölkənin yeddi şəhərində, o cümlədən paytaxt Romada gözlənilən yeni isti hava dalğası ilə əlaqədar ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edib.
Nazirliyin yaydığı məlumata görə, Florensiya və Peruca şəhərlərində qırmızı xəbərdarlıq artıq bazar ertəsi günündən qüvvədədir.
Sinoptiklərin bildirdiyinə əsasən, hazırkı isti hava dalğası şərq istiqamətinə hərəkət edən Afrika antisiklonu ilə əlaqədardır. Antisiklon bu dəfə Apenin yarımadasını tam əhatə edib.
Proqnozlara görə, İtaliyanın mərkəzi və cənub bölgələrində, eləcə də Sardiniya adasında havanın temperaturu 39–41 dərəcəyədək yüksələcək. Florensiyada 39, Romada isə 38 dərəcə isti gözlənilir.
Meteoroloqlar güclü istilərlə əlaqədar əhaliyə ehtiyatlı olmağı tövsiyə edirlər. Xüsusilə uşaqların və yaşlı insanların mümkün qədər evdə qalması, bol su qəbul etməsi və fiziki yüklənməni məhdudlaşdırması tövsiyə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.