Kallas: Aİ Rusiya hərbçilərinə viza qadağası təşəbbüsünü davam etdirəcək

Avropa İttifaqının xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Rusiyanın Ukraynada apardığı müharibədə iştirak etmiş hərbçilərin Aİ ölkələrinə girişinin qadağan olunması ilə bağlı təşəbbüs hələlik Birliyin 21-ci sanksiyalar paketi çərçivəsində razılaşdırılmayıb. Bununla belə, o, bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.
Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, sözügedən məsələ Avropanın təhlükəsizliyi ilə bağlı risklər baxımından gündəmdə saxlanılacaq.
Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynada döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və psixoloji dəstəyi üçün müxtəlif proqramlar həyata keçirir. Kallas iddia edib ki, Rusiyada bu istiqamətdə kifayət qədər tədbirlər görülmür və buna görə də həmin şəxslərin Aİ ərazisinə girişinə məhdudiyyət qoyulması zəruridir.
Qeyd edək ki, Kallasın bu açıqlamaları Rusiya ilə bağlı sanksiyaların genişləndirilməsi ətrafında Aİ-də müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.