İsrail parlamenti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı səsverməni təxirə saldı

İsrail parlamenti qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı səsverməni təxirə saldı
İsrail parlamenti – Knessetdə qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə layihəsinin səsverməsi təxirə salınıb. Bu barədə JNS İsrail rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun sonunda İsrail hökuməti sözügedən təşəbbüsü yekdilliklə dəstəkləmişdi. Nazirlər Kabinetinin təsdiqindən sonra sənədin Knessetin müzakirəsinə çıxarılması planlaşdırılırdı.
JNS yazır ki, səsvermənin təxirə salınması regiondakı həssas diplomatik vəziyyətlə əlaqələndirilir. Bildirilir ki, son aylarda Qəzza zolağında davam edən müharibə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə ünvanladığı sərt bəyanatlar fonunda İsrail-Türkiyə münasibətlərində gərginlik artıb.
Təşəbbüsü hökumətə təqdim edən İsrailin xarici işlər naziri Gideon Saar daha əvvəl bu addımı "tarixi ədalət məsələsi" kimi qiymətləndirmişdi. AP agentliyinin məlumatına görə, İsrail rəsmiləri qərarı Türkiyənin tarixi faktların inkarı siyasəti ilə də əsaslandırıblar.
Türkiyə isə təşəbbüsün siyasi məqsədlər daşıdığını bəyan edib.
JNS-in məlumatına əsasən, səsvermənin təxirə salınması İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq diplomatik səylərlə bağlı ola bilər. Xatırladaq ki, ötən ay Azərbaycan İsrail hökumətinin bu qərarını pisləyərək təşəbbüsdən imtina etməyə çağırmışdı.
Qeyd olunur ki, həftənin sonunda Knesset yay tətilinə çıxacaq və oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərinə qədər fəaliyyətini bərpa etməyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.