Estoniya Rusiya sərhədində hərbi baza tikəcək

Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində yeni hərbi bazanın tikintisinə başlayır. Rusiya ərazisindəki İvanqorodun qarşısında yerləşəcək obyekt NATO-nun Rusiyaya ən yaxın sərhəd məntəqələrindən birində inşa ediləcək.
Estoniyanın Dövlət Müdafiə İnvestisiyaları Mərkəzi layihələndirmə və tikinti işləri üçün dəyəri 15 milyon avro olan tender elan edib. Layihə çərçivəsində ümumi sahəsi 7,5 min kvadratmetrdən çox olan ərazidə 12 bina və zəruri mühəndis infrastrukturu tikiləcək.
Məlumata görə, əsas kompleksin 2028-ci ilin yayında istifadəyə verilməsi planlaşdırılır. İlk 150 hərbçi isə 2027-ci ilin əvvəlindən Narvada xidmətə başlayacaq. Baza istifadəyə verildikdən sonra burada Estoniya Müdafiə Qüvvələrinin 1-ci Piyada Briqadasının təxminən 200 hərbçisi daimi yerləşəcək. Bununla yanaşı, obyekt 1000 nəfərə qədər şəxsi heyəti qəbul etmək imkanına malik olacaq ki, bu da zərurət yaranacağı halda NATO müttəfiqlərinin bölmələrinin yerləşdirilməsinə şərait yaradacaq.
Estoniyanın müdafiə naziri Narvada hərbi bazanın yaradılmasını ölkənin milli təhlükəsizliyi baxımından strateji qərar adlandırıb.
Layihə ötən il təsdiqlənsə də, torpaq məsələlərinin həlli və yerli sakinlərlə müzakirələrin aparılması səbəbindən icrası gecikib. Əhalisinin əksəriyyətini rusdillilər təşkil edən Narvada bəzi sakinlər hərbi obyektin mümkün münaqişə zamanı hədəfə çevrilə biləcəyindən narahatlıqlarını ifadə ediblər. Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor isə ordunun bölgədəki mövcudluğunun təhlükə deyil, təhlükəsizlik təminatı kimi qiymətləndirilməli olduğunu bildirib.
Yeni baza Estoniya və NATO-nun şərq cinahının gücləndirilməsi proqramının tərkib hissəsidir. Bu çərçivədə Rusiya ilə sərhəd boyunca Baltik müdafiə xəttinin tikintisi davam etdirilir, həmçinin tank əleyhinə xəndəklər qazılır və 600-ə qədər bunker, eləcə də digər mühəndis istehkamlarının inşası planlaşdırılır.
Bununla yanaşı, Estoniya müdafiə xərclərini də artırır. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, 2026-cı ildə müdafiə büdcəsi 1,7 milyard avrodan 2,4 milyard avroya yüksələcək. Müdafiə xərclərinin ÜDM-in 5,4 faizinə çatdırılması və ən azı 2029-cu ilə qədər 5 faizdən aşağı salınmaması nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.