ABŞ bankları Hörmüz boğazından keçidə rüsum tətbiqinin gərginliyi artıra biləcəyindən narahatdır

ABŞ-ın aparıcı bankları Vaşinqtonun Hörmüz boğazından keçən gəmilərdən daşınan yükün dəyərinin 20 faizi həcmində rüsum alınması planının ABŞ-İran münasibətlərində hərbi gərginliyi daha da artıra biləcəyini düşünür.
Bu barədə CNBC telekanalının əldə etdiyi Citibank analitik hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, təşəbbüs reallaşacağı təqdirdə regionda hərbi eskalasiya riski əhəmiyyətli dərəcədə yüksələcək.
Bank analitikləri hesab edirlər ki, Vaşinqtonun belə bir addımı İranın ABŞ ilə imzalanmış qarşılıqlı anlaşma memorandumundan 2026-cı il noyabrın 3-nə təyin edilmiş aralıq seçkilərdən əvvəl çıxması ehtimalını da artıra bilər.
Sənəddə vurğulanır ki, bu ssenaridə dünya bazarında neft qiymətləri daha uzun müddət yüksək səviyyədə qala bilər.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Vaşinqtonun Hörmüz boğazında gəmiçiliyə nəzarət etmək istədiyini və təhlükəsizliyin təmin olunması müqabilində daşınan yüklərin dəyərinin 20 faizi həcmində ödəniş alınmasını təklif etdiyini açıqlayıb.
Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biridir. Qlobal neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin isə 20 faizə yaxını bu boğaz vasitəsilə həyata keçirilir.
ABŞ prezidentinin bəyanatlarından və Yaxın Şərqdə baş verən hadisələrin fonunda neft bazarında qiymətlər yüksəlib. Londonun ICE birjasında 2026-cı ilin sentyabr ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti bir barel üçün 85 ABŞ dollarını ötərək iyunun 15-dən bəri ən yüksək səviyyəyə çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.