İran Böyük Britaniyanın SEPAH-ı terror təşkilatı elan etməsini pisləyib

İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq qərarını kəskin şəkildə pisləyib.
Bundan əvvəl Sky News telekanalı Böyük Britaniyanın xarici işlər nazirinin müavini Anjela İqlın bəyanatına istinadən Londonun SEPAH-ı terror təşkilatları siyahısına daxil etdiyini xəbər vermişdi.
İran XİN-in yaydığı bəyanatda bildirilir ki, Böyük Britaniya hökumətinin bu addımı düşmənçilik xarakteri daşıyır və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir.
"İran Xarici İşlər Nazirliyi Böyük Britaniya hökumətinin SEPAH-ı Milli Təhlükəsizlik Qanununa əsasən təhdid elan etməsini pisləyir və bu qərarı əsassız, məsuliyyətsiz, dövlətlərin suverenliyi və daxili işlərinə qarışmamaq prinsiplərini pozan addım hesab edir", – bəyanatda qeyd olunub.
İran Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Tehran bu qərara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Rəsmi Tehran Böyük Britaniyanı qərarın mümkün nəticələrinə görə məsuliyyət daşıyacağı barədə də xəbərdar edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.