AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Livan və İsrail ABŞ vasitəçiliyi ilə Romada keçirilən danışıqları başa çatdırdı

  • + A
  • - A
  • Bu gün, 22:07

    Livan və İsrail ABŞ vasitəçiliyi ilə Romada keçirilən danışıqları başa çatdırdı

    Livan və İsrail ABŞ-ın vasitəçiliyi ilə İtaliyanın paytaxtı Romada keçirilən danışıqların növbəti mərhələsini başa çatdırıb.
    ABŞ rəsmisinin Reuters agentliyinə verdiyi məlumata görə, tərəflər İsrail qoşunlarının yaxın günlərdə Livanın cənubundakı bəzi ərazilərdən mərhələli şəkildə çıxarılmasına imkan yarada biləcək planın icrasında irəliləyiş əldə ediblər.

    Məlumata əsasən, çərşənbə axşamı və çərşənbə günləri ABŞ-ın Romadakı səfirliyində səfirlər səviyyəsində keçirilən görüşlər martın 2-də İsrail ilə "Hizbullah" arasında yenidən alovlanan müharibədən sonra təşkil olunan altıncı birbaşa danışıqlar raundu olub.

    ABŞ-ın vasitəçiliyi ilə iyunun 26-da əldə olunan çərçivə razılaşmasına əsasən, tərəflər "pilot zona" layihəsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Sənədə əsasən, silahlı qruplaşmaların, ilk növbədə "Hizbullah"ın tərksilah edilməsi, Livan ordusunun ölkənin cənubunda yerləşdirilməsi və İsrail qüvvələrinin mərhələli şəkildə Livan ərazisindən çıxarılması nəzərdə tutulur.

    ABŞ rəsmisi iki gün davam edən danışıqları "məhsuldar və müsbət" adlandıraraq bildirib ki, pilot zonanın yaradılması prosesinin strukturu və əsas prinsipləri razılaşdırılıb. Onun sözlərinə görə, sənəd yaxın günlərdə yekunlaşdırılacaq və icrasına başlanacaq.

    Bildirilib ki, növbəti mərhələdə tərəflər çərçivə razılaşmasının həyata keçirilməsi və İsrail-Livan arasında daha geniş razılaşmanın əldə olunması məqsədilə texniki danışıqlara keçəcəklər.

    Hazırda İsrail ordusu sərhəd boyunca Livan ərazisinin təxminən 10 kilometr dərinliyində yerləşən bufer zonaya nəzarət edir. İsrail rəsmiləri bunun ölkənin şimal yaşayış məntəqələrini "Hizbullah" hücumlarından qorumaq üçün zəruri olduğunu bildirirlər.

    Livan hökuməti İsrail qoşunlarının dərhal geri çəkilməsini tələb etsə də, İsrail "Hizbullah" silahlı qaldığı müddətdə ordusunun Livanın cənubunda qalacağını bəyan edib.

    Buna baxmayaraq, tərəflər arasında birbaşa danışıqlar davam edir. Proses İsrailin vaxtaşırı endirdiyi hava zərbələri və "Hizbullah"ın sərt etirazları fonunda aparılır. Qruplaşma tərksilahı qəbul etmədiyini bildirir və hesab edir ki, müharibənin dayandırılması və İsrail qoşunlarının çıxarılması yalnız müttəfiqi İranın təzyiqi ilə mümkün ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR