ABŞ Konqresində demokratlar İsrailə hərbi yardımla bağlı parçalanıb

ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyası daxilində İsrailə hərbi yardım məsələsi üzrə ciddi fikir ayrılığı yaranıb
Associated Press-in (AP) məlumatına görə, Nümayəndələr Palatasındakı 212 demokratdan 104-ü milli təhlükəsizlik xərcləri haqqında qanun layihəsində İsrailə ayrılması nəzərdə tutulan 3,3 milyard dollarlıq hərbi yardımın azaldılmasına səs verib. Lakin respublikaçıların dəstəyi ilə bu dəyişiklik təklifi 314 səsə qarşı 104 səslə rədd edilib.
Agentlik qeyd edir ki, səsvermənin nəticəsi Demokratlar Partiyası daxilində İsrailə və Baş nazir Benyamin Netanyahunun hökumətinə dəstək məsələsində dərin fikir ayrılığını üzə çıxarıb.
AP xatırladır ki, Demokratlar Partiyası uzun illər İsrailin əsas siyasi tərəfdarlarından biri olub. Lakin son illərdə Qəzza zolağı, Livan və İranla bağlı hərbi qarşıdurmalar fonunda partiyanın sol qanadı İsrailin siyasətini daha sərt tənqid etməyə başlayıb və hərbi yardımın məhdudlaşdırılmasını tələb edir.
Bundan əvvəl isə Reuters agentliyi altı amerikalı senatorun Demokrat həmkarlarına müraciət edərək, İsrailə hərbi yardımın genişləndirilməsini nəzərdə tutan müddəalara etiraz əlaməti olaraq milli müdafiə xərcləri haqqında qanun layihəsinin müzakirəsinin qarşısını almağa çağırdığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.