Fransada güclü tufan: 100 mindən çox insan işıqsız qaldı, 2 nəfər həlak oldu

Fransada güclü tufan: 100 mindən çox insan işıqsız qaldı, 2 nəfər həlak oldu
Fransada baş verən güclü tufan və leysan yağışları nəticəsində 100 mindən çox insan elektrik enerjisiz qalıb. Bu barədə BFM TV telekanalı ölkənin elektrik paylayıcı şəbəkə operatoru Enedis-ə istinadən məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən 53 min ev təsərrüfatının elektrik təchizatı kəsilib ki, bu da 100 mindən çox sakinə təsir göstərib. Təkcə iyulun 17-nə keçən gecə Fransa ərazisində 141 mindən çox ildırım qeydə alınıb.
Təbii fəlakətdən ən çox Yeni Akvitaniya və Overn–Ron–Alp regionları zərər çəkib. Həmin ərazilərdə müvafiq olaraq 20 min və 25 min ev təsərrüfatı işıqsız qalıb.
Güclü külək nəticəsində çoxsaylı ağaclar aşaraq yolları bağlayıb və bərpa işlərini çətinləşdirib. Tufan zamanı 2 nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, Fransa hakimiyyəti bir gün əvvəl ölkədə qeyri-adi dərəcədə erkən başlayan quraqlıqla bağlı xəbərdarlıq etmiş, bir sıra bölgələrdə sudan istifadəyə rekord məhdudiyyətlər tətbiq olunduğunu açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.