İran Hörmüz boğazından keçməyə çalışan Tayland bayraqlı gəmiyə zərbə endirib

İran Hörmüz boğazından keçməyə çalışan Tayland bayraqlı gəmiyə zərbə endirib
İran Silahlı Qüvvələri Hörmüz boğazından Tehranın icazəsi olmadan keçməyə cəhd göstərən Tayland bayrağı altında üzən gəmiyə zərbə endirib.
Məlumatı İranın Tasnim agentliyi məlumatlı mənbəyə istinadən yayıb.
Bildirilib ki, gəmi heyəti İran Hərbi Dəniz Qüvvələrinin etdiyi xəbərdarlığa məhəl qoymayaraq boğazda hərəkətini davam etdirib. Bundan sonra İran hərbçiləri gəmiyə zərbə endiriblər.
Hadisə nəticəsində gəminin aldığı ziyan, eləcə də ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, ABŞ və İran arasında gərginliyin növbəti mərhələsi iyulun 8-də ABŞ-ın İran ərazisinə endirdiyi hava zərbələrindən sonra başlayıb. Vaşinqton bunu Hörmüz boğazında kommersiya gəmisinə hücuma cavab olaraq həyata keçirdiyini bəyan edib. Həmin gün ABŞ Prezidenti Donald Tramp Tehranla qüvvədə olan atəşkəsin dayandırıldığını açıqlayıb.
Buna cavab olaraq İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə, o cümlədən Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı bazalara zərbələr endirməyə başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.