Bakı, 20 iyul — Azadmedia.azAnkarada Dünya Sivilizasiyaları Təşəbbüsü Araşdırma Mərkəzinin təşkil etdiyi beynəlxalq “Böyük Müharibənin Qarşısını Alacaq İttifaq” toplantısı keçirilib.
ABŞ, Almaniya, Azərbaycan, Belarus, Fransa, Cənubi Afrika, İngiltərə, İran, İspaniya, İsveçrə, İtaliya, Yaponiya, Şimali Kipr Türk Respublikası (ŞKTR), Rusiya, Səhra Ərəb Demokratik Respublikası, Türkiyə və Yunanıstandan olan məruzəçilərin çıxış etdiyi toplantı təxminən 200 dəvətli və seçilmiş qonaq tərəfindən izlənilib. Nazirlər, millət vəkilləri, səfirlər, istefada olan generallar, alimlər, siyasətçilər, diplomatlar, hərbçilər və ekspertlər tərəfindən “Böyük Müharibənin Qarşısını Alacaq İttifaq” problemi müxtəlif aspektlərdən müzakirə edilib.
İştirakçılar bildirib ki, böyük müharibəyə səbəb ola biləcək təhdidlər ABŞ və İsraildən qaynaqlanır. NATO ABŞ-ın hegemonluq aləti kimi dünya sülhünü təhdid edir. Qeyd edilib ki, dünya təhlükəsizliyinə xidmət edəcək addım NATO-nun yenidən təşkilatlanması deyil, ləğv edilməsidir. Bununla da Avropa ölkələri ABŞ-ın NATO üzvlərinə tətbiq etdiyi yeni və ağır öhdəliklərdən xilas olacaqlar.
Bildirilib ki, İstehsal gücünün ağırlıq mərkəzinin Qərbdən Şərqə, Şimaldan Cənuba keçməsi prosesi fasiləsiz davam edir və nisbət getdikcə daha sürətlə dəyişir. Buna paralel olaraq, qlobal dəyişimin vasitəsi kimi ABŞ dollarının dünya üzərindəki hakimiyyəti də zəifləyir. Qlobal hegemonluğunu yenidən bərpa etmək üçün ABŞ-ın əlində qalan əsas vasitə dağıdıcı gücə çevrilib.
Heç bir güc əvvəlcədən qalib gələ bilməyəcəyi bəlli olan müharibəyə başlamaz. ABŞ-ın yenidən dünyanın ağasına çevrilmək məqsədilə Böyük Müharibə başlatmasının qarşısını almağın yeganə yolu onu çəkindirəcək miqyasda beynəlxalq güc yaratmaqdır.
Qeyd edilib ki, dünyada təhlükəsizlik yalnız ABŞ və NATO-nun hədəfinə çevirdiyi ölkələrin və xalqların deyil, Atlantik ölkələri də daxil olmaqla bütün bəşəriyyətin ehtiyacını ifadə edir. Türkiyə–Rusiya–Çin–İran (TRÇİ) ittifaqı Böyük Müharibəyə qarşı bəşəriyyət cəbhəsinin yaradılması üçün də möhkəm zəmin yaradır.
Atlantik Sistemində yaşanan çökmə prosesi Qərb Sivilizasiyasının yüksəliş dövründə bəşəriyyətə bəxş etdiyi bütün dəyərlərin də çürüməsinə səbəb olub. Məzlumlar Dünyasının öz daxilindən doğan və Asiyada mərkəzləşən İnkişaf Etməkdə Olan Dünya eyni zamanda bütün bəşəriyyətin həsrətində olduğu yeni sivilizasiyanın yüksələcəyi zəmini təmsil edir. Bu sivilizasiyanın inkişafına mane olacaq Böyük Müharibənin qarşısını almaq tarixə yeni qaranlıq səhifənin yazılmasının qarşısını alacaq.