AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ İspaniya və Fransadakı meşə yanğınları ilə mübarizə üçün Mülki Müdafiə Mexanizmini işə salıb

  • + A
  • - A
  • Dünən, 23:21

    Aİ İspaniya və Fransadakı meşə yanğınları ilə mübarizə üçün Mülki Müdafiə Mexanizmini işə salıb

    Aİ İspaniya və Fransadakı meşə yanğınları ilə mübarizə üçün Mülki Müdafiə Mexanizmini işə salıb

    Avropa İttifaqı İspaniya və Fransanın meşə yanğınlarının söndürülməsi ilə bağlı müraciətlərinə cavab olaraq Aİ-nin Mülki Müdafiə Mexanizmini aktivləşdirib.

    Avropa Komissiyasının rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, hazırda vəziyyət xüsusilə İspaniya və Fransada ağırdır və Avropa Komissiyası hadisələrin gedişini yaxından izləyir.

    Onun sözlərinə görə, İspaniyanın müraciətindən dərhal sonra dörd yanğınsöndürən təyyarə və Aİ-nin peyk müşahidə sistemi səfərbər edilib. Təyyarələrdən ikisi Yunanıstandan, ikisi isə İtaliyadan göndərilərək yerli yanğınsöndürmə xidmətlərinə dəstək göstərir.

    Fransada isə vəziyyət xüsusilə Bordo şəhəri ətrafında kritik olaraq qiymətləndirilir. Fransa hökumətinin müraciəti əsasında Aİ-nin RescEU ehtiyatlarından üç yanğınsöndürən təyyarə və iki helikopter regiona göndərilib. Bundan əlavə, Copernicus peyk müşahidə xidməti də aktivləşdirilib.

    Məlumata görə, iki təyyarə Portuqaliyadan, biri Xorvatiyadan, helikopterlər isə Slovakiya və Çexiyadan cəlb olunub. Onlar əsasən Jirond departamentində davam edən genişmiqyaslı meşə yanğınlarının söndürülməsində iştirak edirlər.

    Anna-Kaysa İtkonen qeyd edib ki, RescEU donanmasının tərkibində 22 yanğınsöndürən təyyarə və 5 helikopter mövcuddur. Bundan başqa, Aİ-nin müxtəlif risk zonalarında əvvəlcədən yerləşdirilmiş təxminən 780 nəfərlik strateji yanğınsöndürən ehtiyatı da var və zərurət yarandıqda bu qüvvələr dərhal səfərbər edilə bilər.

    Avropa Komissiyasının nümayəndəsi vurğulayıb ki, meşə yanğınları ilə mübarizə ilk növbədə milli hökumətlərin səlahiyyətinə daxildir. Aİ isə yalnız üzv dövlətlərin rəsmi müraciətindən sonra Mülki Müdafiə Mexanizmi çərçivəsində öz resurslarını səfərbər edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR