Tramp, Zelenski və Netanyahu senator Lindsi Qremin dəfn mərasimində iştirak ediblər

Tramp, Zelenski və Netanyahu senator Lindsi Qremin dəfn mərasimində iştirak ediblər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Milli Kafedral Kilsəsində keçirilən respublikaçı senator Lindsi Qremlə vida mərasimində iştirak edib. Bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, Tramp mərasimin başlamasına az qalmış kilsəyə gəlib, ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüşərək ön sırada yerini tutub.
Mərasim başlamazdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan söhbət jurnalistlərin diqqətini cəlb edib. Hər iki lider həmin gün Ağ evdə Donald Trampla ayrıca görüş keçirmişdi. Onların söhbətinin məzmunu açıqlanmayıb. Daha sonra Netanyahu ABŞ-ın müdafiə naziri Pit Heqset və səhiyyə naziri Robert Kennedi ilə də görüşüb.
Vida mərasimində çıxış edən vitse-prezident Cey Di Vens Lindsi Qremi "sizinlə razılaşmasa belə, bunu hörmət çərçivəsində edə bilən insan" kimi xarakterizə edib. O bildirib ki, bir dəfə Ukrayna məsələsi ilə bağlı Qremlə ciddi fikir ayrılığı yaşadıqdan sonra senatorun dəstəyini itirdiyini düşünüb. Lakin sonradan öyrənib ki, Qrem həmin qanun layihəsinin qəbul olunması üçün fəal şəkildə çalışıb. Bunun səbəbini soruşduqda isə senator belə cavab verib: "Mənə həmin qanun layihəsinin özü maraqlı deyil. Amma bilirəm ki, sənin üçün vacibdir."
Vens həmçinin qeyd edib ki, Lindsi Qrem ABŞ Ali Məhkəməsinə Bret Kavano namizədliyinin təsdiqlənməsində həlledici rol oynayıb və təsdiqləmə prosesi zamanı hakimə qarşı irəli sürülən ittihamlara sərt şəkildə etiraz edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.