Fransada meşə yanğınları bölgəsində hava ciddi çirklənib

Fransanın meşə yanğınlarının davam etdiyi Jironda və Land departamentlərində havanın keyfiyyəti kəskin pisləşib. Regional hava monitorinqi aparan Atmo Nouvelle-Aquitaine təşkilatının məlumatına görə, bu ərazilərdə hava keyfiyyəti göstəriciləri "çox pis" və "son dərəcə pis" səviyyəsində qeydə alınıb.
Bildirilib ki, ekoloji vəziyyətə meşə yanğınları səbəb olub. Yanğınlardan yayılan tüstü nəticəsində atmosferdə insan sağlamlığı üçün təhlükəli hesab olunan PM2.5 və PM10 xırda hissəciklərinin miqdarı artıb. Eyni zamanda, isti və günəşli hava şəraiti ozonun konsentrasiyasını yüksəldərək havanın çirklənməsini daha da gücləndirib.
BFMTV telekanalının məlumatına görə, Jironda departamentində havanın temperaturunun 42 dərəcəyədək yüksələcəyi gözlənilir. Bu isə yanğınların söndürülməsi işlərini daha da çətinləşdirə bilər.
Qeyd edək ki, bu il Avropada, xüsusilə Fransa və İspaniyada meşə yanğınları rekord həddə çatıb. Yanğınlarla mübarizəyə dəstək məqsədilə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və müxtəlif ölkələrdən yüzlərlə yanğınsöndürən səfərbər olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.