Ukrayna Rusiyanın Perm şəhərində yerləşən iri neft emalı zavoduna zərbə endirib

Ukrayna Silahlı Qüvvələri iyulun 29-da Rusiyanın Perm şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib. Perm diyarının qubernatoru Dmitri Maxoninin bildirdiyinə görə, bir neçə PUA şəhərə yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, hücum zamanı Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan "Lukoyl-Permnefteorqsintez" neft emalı zavodu hədəfə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə müəssisə ərazisində güclü yanğın və qara tüstü müşahidə olunur. İlkin məlumatlara əsasən, zavodun **AVT-5** neft emalı qurğusuna ziyan dəyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Permdəki zərbəni təsdiqləyərək, bunu Rusiyaya qarşı həyata keçirilən uzaqmənzilli əməliyyatların davamı kimi qiymətləndirib. O bildirib ki, "Rusiya bu müharibənin hər gününün onun üçün daha baha başa gəldiyini hiss etməlidir."
Qeyd edək ki, "Lukoyl-Permnefteorqsintez" Rusiyanın ən böyük 10 neft emalı zavodundan biridir və "Lukoyl" şirkətinin Nijni Novqoroddan sonra ikinci ən böyük emal müəssisəsi hesab olunur. Zavod 2024-cü ildə 12,6 milyon ton neft emal edib.
Bu, son aylarda müəssisəyə edilən ilk hücum deyil. Daha əvvəl mayın 7-də və aprelin 30-da da zavod pilotsuz aparatlarla hədəfə alınmış, nəticədə bir sıra əsas emal qurğularının fəaliyyəti müvəqqəti dayandırılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.