Husilər Qırmızı dənizdən keçən gəmilərdən ödəniş almağa hazırlaşır – Yəmən hökuməti

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin informasiya naziri bildirib ki, İranın dəstəklədiyi husilər Qırmızı dənizdən keçən gəmilərdən ödəniş alınmasını nəzərdə tutan yeni mexanizm hazırlayırlar.
Nazir Moammar əl-Əryaninin AFP-yə verdiyi məlumata görə, bu addım Hörmüz boğazı ətrafında yaranmış gərginlikdən sonra dünyanın ən mühüm dəniz ticarət marşrutlarından biri üçün yeni təhlükə yarada bilər.
Onun sözlərinə görə, belə bir sistemin tətbiqi Qırmızı dənizdəki strateji dəniz dəhlizini husilərin hərbi fəaliyyətinin maliyyələşdirilməsi mənbəyinə çevirə bilər.
Əl-Əryani bildirib ki, əldə olunan kəşfiyyat məlumatlarına əsasən, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mütəxəssisləri və müşavirləri ödəniş sisteminin texniki və inzibati infrastrukturunun yaradılmasında husilərə dəstək verirlər. Onun iddiasına görə, layihə çərçivəsində gəmiçilik şirkətlərindən və ticarət gəmilərindən ödənişlərin toplanmasına cavabdeh ayrıca qurumun yaradılması planlaşdırılır.
Hazırda ABŞ və İran arasında əsas gərginlik mənbələrindən biri olan Hörmüz boğazı ətrafındakı vəziyyət də diqqət mərkəzindədir. Tehran bu strateji marşrutdan keçidə görə ödəniş almaq hüququnu müdafiə edir. Vaxtilə dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə biri bu boğazdan keçirdi.
İndi isə narahatlıqlar artır ki, husilər oxşar modeli Qırmızı dənizin girişində yerləşən və qlobal ticarət üçün böyük əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazında tətbiq etməyə cəhd göstərə bilərlər.
Qeyd edək ki, Qəzza müharibəsi dövründə husilərin İsraillə əlaqəli hesab etdikləri gəmilərə qarşı hücumları Qırmızı dəniz və Ədən körfəzində dəniz daşımalarının həcmini kəskin azaldıb. Bir çox gəmiçilik şirkəti marşrutlarını Afrikanın cənubundan keçməklə dəyişdiyindən yükdaşımaların müddəti və xərcləri əhəmiyyətli dərəcədə artıb. Bu məlumatlar Yəmən hökumətinin açıqlamalarına əsaslanır və hələlik husilər tərəfindən təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.