AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kritdə faciə: adanın ən böyük meşə yanğınını söndürməyə çalışan üç yanğınsöndürən həlak olub

  • + A
  • - A
  • Dünən, 23:13

    Kritdə faciə: adanın ən böyük meşə yanğınını söndürməyə çalışan üç yanğınsöndürən həlak olub


    Yunanıstanın Krit adasında güclü küləyin təsiri ilə sürətlə yayılan irimiqyaslı meşə yanğınları nəticəsində üç yanğınsöndürən həyatını itirib. Hadisə səbəbindən bir sıra yaşayış məntəqələrinin sakinləri təxliyə olunub.

    Yerli KİV-in məlumatına görə, ən ağır vəziyyət Kritin Retimno bölgəsində qeydə alınıb. Alovun qarşısını almağa çalışan iki yanğınsöndürən xidməti avtomobildə alovun mühasirəsində qalaraq həlak olub. Yunanıstanın Peloponnes yarımadasının Giftion bölgəsində baş verən başqa bir meşə yanğınında isə daha bir yanğınsöndürən həyatını itirib.

    Alovun yaşayış məntəqələrinə yayılması təhlükəsi səbəbindən Kritdə Agia Qalini, Triopetra, Agios Georgios, Agios Pavlos, Saxturiya, Melambes və Kria Vrisi kəndlərinin sakinlərinin təxliyəsinə qərar verilib.

    Hazırda Retimno bölgəsində yanğının söndürülməsinə 156 yanğınsöndürən, 27 xüsusi texnika və 8 yanğınsöndürmə təyyarəsi cəlb olunub. Adanın digər ərazilərində də yanğın ocaqları ilə mübarizə davam edir.

    Yanğınlar təkcə Kritlə məhdudlaşmır. Lesbos adasında da Plomari qəsəbəsinin sakinləri təxliyə edilib. Burada alovun söndürülməsi üçün 50-yə yaxın yanğınsöndürən və altı aviasiya vasitəsi fəaliyyət göstərir.

    Yunanıstanın Yanğın Xidməti son 24 saat ərzində ölkə ərazisində ümumilikdə 37 meşə yanğınının baş verdiyini açıqlayıb. Mütəxəssislər bunu uzun sürən isti və quraq hava şəraiti nəticəsində bitki örtüyünün quruması ilə əlaqələndirirlər.

    Səlahiyyətli qurumlar xəbərdarlıq ediblər ki, yaxın sutka ərzində Krit, Afina ətrafı, Evbeya adası, şərqi Peloponnes, Kiklad adaları və Egey dənizinin şərq hissəsində yeni meşə yanğınları riskinin yüksək olaraq qalacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR