AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Penzensk vilayəti və Udmurtiyada Wildberries anbarlarını PUA-larla vurub

  • + A
  • - A
  • Bu gün, 10:51

    Ukrayna Penzensk vilayəti və Udmurtiyada Wildberries anbarlarını PUA-larla vurub


    Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan Wildberries-in logistika mərkəzlərinə qarşı hücumlarını davam etdirib. İyulun 30-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Penzensk vilayətində yerləşən şirkətin anbarına zərbə endirib.

    Vilayət rəhbəri Oleq Melniçenkonun sözlərinə görə, ilkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər xəsarət alıb, təxminən 200 əməkdaş təxliyə olunub. O, obyekt ərazisində yanğının baş verdiyini və yanğınsöndürmə briqadalarının alovu söndürmək üçün çalışdıqlarını bildirib.

    Wildberries şirkəti isə hücumdan sonra logistika marşrutlarında dəyişiklik edildiyini, zərər görən anbarda malların qəbulunun və göndərişinin müvəqqəti dayandırıldığını açıqlayıb. Məlumata görə, Penza yaxınlığındakı logistika kompleksi Volqa Federal Dairəsinə xidmət göstərən iri paylama mərkəzlərindən biridir. Hazırda obyektin sahəsi təxminən 90 min kvadratmetrdir və genişləndirmə başa çatdıqdan sonra bunun 180 min kvadratmetrə çatdırılması planlaşdırılırdı.

    Eyni gün səhər saatlarında Ukrayna PUA-ları Udmurtiyada yerləşən müəssisələrdən birinə də hücum edib. Respublika rəhbərinin səlahiyyətlərini icra edən Olqa Abramova hadisə nəticəsində xəsarət alan olmadığını, əraziyə təcili yardım briqadaları və digər operativ xidmətlərin cəlb edildiyini bildirib.

    Wildberries açıqlamasında zərbənin Sarapul şəhərində yerləşən logistika mərkəzinə dəydiyini təsdiqləyib. Hücumdan sonra anbarda yanğın baş versə də, işçilərin əvvəlcədən təxliyə edilməsi sayəsində insan tələfatının qarşısı alınıb. Sarapuldakı logistika mərkəzinin sahəsi 50 min kvadratmetrdən çoxdur.

    Məlumata görə, Ukrayna iyulun 18-dən etibarən Wildberries-in logistika obyektlərinə zərbələr endirməyə başlayıb. Son hücumlar da daxil olmaqla, ümumilikdə 15 paylama mərkəzinin hədəf alındığı bildirilir. Daha əvvəl yayılan məlumatlarda şirkətin ümumi anbar sahəsinin 15 faizdən çoxunun – təxminən 860 min kvadratmetrin – fəaliyyətini dayandırdığı qeyd olunurdu.

    Şirkət üçün ən böyük itkinin Moskva vilayətinin Elektrostal şəhərində yerləşən anbarda qeydə alındığı bildirilir. Həmin obyektin 250 min kvadratmetrlik hissəsi yanıb, bir əməkdaş həyatını itirib. Bundan başqa, iyulun 29-da Ryazan şəhərində yerləşən təxminən 170 min kvadratmetrlik anbar sahəsinin də PUA hücumuna məruz qaldığı qeyd edilir. Koledino, Yekaterinburq, Voronej və Tatarıstanın Zelenodolsk şəhərlərindəki hücumların isə yanğınla nəticələnmədiyi bildirilir.

    Bildirilir ki, baş verən hadisələr fonunda Wildberries yeni anbar sahələri axtarır. Lakin bazar mənbələrinin məlumatına görə, bir sıra obyekt sahibləri PUA hücumları riskinə görə şirkətlə yeni icarə müqavilələri bağlamaqdan çəkinirlər. Reuters agentliyinin məlumatına əsasən, Wildberries-in sahibi Tatyana Kim hökumətdən dəstək istəyib və zərər çəkmiş sahibkarlar qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün vergi güzəştlərinin müzakirə olunduğu bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR