Türkiyə Qara dənizdə gərginliyin azaldılması üçün təcili tədbirlər görülməsinə çağırıb

Türkiyə Qara dənizdə mülki gəmiləri də əhatə edən gərginliyin artmasından ciddi narahatlığını ifadə edib və bölgədə vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atmağa çağırıb.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, avqustun 3-də axşam saatlarında Novorossiysk limanını tərk etdikdən sonra Türkiyəyə məxsus "Yaşar" və "Nadejda" adlı mülki gəmilər pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində ekipaj üzvləri, o cümlədən Türkiyə vətəndaşları xəsarət alıb.
Nazirlik vurğulayıb ki, Türkiyə vətəndaşlarının təhlükəsizliyi ölkə üçün əsas prioritetdir.
Bəyanatda qeyd olunur ki, Ankaranın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Rusiya ilə Ukrayna arasında Qara dənizdə davam edən qarşıdurmanın mülki gəmiçiliyə təsiri ciddi narahatlıq doğurur.
Türkiyə XİN bildirib ki, vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməzsə, bunun ərzaq təhlükəsizliyi də daxil olmaqla, bir sıra sahələrdə ağır nəticələri ola bilər.
Rəsmi Ankara bütün maraqlı tərəfləri, xüsusilə də münaqişə tərəflərini Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə təcili və konkret addımlar atmağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.