Avropada 12 avqust Günəş tutulması elektrik istehsalını azaldacaq

Avropada 12 avqust tarixində baş verəcək Günəş tutulması günəş elektrik stansiyalarında enerji istehsalının müvəqqəti azalmasına səbəb olacaq. Bununla belə, Fransada elektrik təchizatında hər hansı fasilənin yaranacağı gözlənilmir.
Fransanın yüksək gərginlikli elektrik şəbəkəsinin operatoru RTE-nin məlumatına görə, Avropa üzərində müşahidə olunacaq qismən Günəş tutulması zamanı günəş işığının azalması fotovoltaik elektrik istehsalının sürətlə enməsinə, daha sonra isə bərpa olunmasına gətirib çıxaracaq. Fransanın bəzi bölgələrində Günəş diskinin 99 faizə qədəri örtüləcək, İspaniyanın şimalında isə tam Günəş tutulması müşahidə ediləcək
Proqnozlara əsasən, tutulmanın ən yüksək mərhələsində – təxminən saat 19:30–21:30 aralığında – Avropada günəş enerjisi istehsalı təxminən 9,7 min MVt azalacaq. Bu göstərici Avropa İttifaqının ümumi quraşdırılmış günəş enerjisi gücünün təxminən 3,7 faizinə bərabərdir.
Fransada isə hava şəraiti əlverişli olacağı təqdirdə günəş elektrik stansiyalarının gücü təxminən 1,8 min MVt azalacaq ki, bu da ölkənin ümumi elektrik istehsalının təxminən 3 faizini təşkil edir.
RTE bildirib ki, bu azalma istehlakçılara təsir etməyəcək. Operatorun sözlərinə görə, enerji sistemində kifayət qədər ehtiyat güc mövcuddur və tutulma günəş enerjisinin pik istehsal saatlarından sonra baş verəcək
Enerji istehsalında ən böyük azalma Almaniya və İspaniyada gözlənilir. Həmin ölkələrdə istehsalın müvafiq olaraq 3,3 min MVt və 3 min MVt azalacağı proqnozlaşdırılır.
RTE qeyd edib ki, günəş elektrik stansiyalarının sayının artması enerji sistemlərinin idarə edilməsində yeni amillərin nəzərə alınmasını zəruri edir. Xatırladılıb ki, 2015-ci ilin martında baş verən əvvəlki böyük qismən Günəş tutulması zamanı Fransada günəş enerjisi istehsalı təxminən 2 min MVt, Avropada isə 35 QVt azalmışdı. Lakin operatorlar arasında koordinasiya sayəsində ciddi problemlərin qarşısı alınmışdı.
Hazırda Fransada quraşdırılmış günəş enerjisi gücü 30 QVt-dan artıqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.