Ukrayna Milli Bankı proqnozlaşdırır ki, dəniz ixracının məhdudlaşdırılması səbəbindən bu ilin ikinci yarısında ölkənin əldə edilməmiş ixrac gəlirindən birbaşa itkiləri 2 milyard dolları ötəcək.
AzadMedia.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankının inflyasiya hesabatında bildirilib.
Qiymətləndirməyə görə, dəniz dəhlizinin bloklanmasından sonra Ukrayna ixrac yük axınlarını dəmir yolu, avtomobil nəqliyyatı və Dunay limanlarına istiqamətləndirəcək. Lakin alternativ marşrutların buraxılış qabiliyyəti məhdud olaraq qalır.
Əgər əvvəllər aqrar məhsulların aylıq ixracı 4-4,5 milyon ton təşkil edirdisə, alternativ logistika marşrutları ayda yalnız 2,5 milyon tona yaxın yükün daşınmasını təmin etmək iqtidarındadır.
Ukrayna Milli Bankından qeyd edilib ki, ən çətin vəziyyət quraqlıq səbəbindən Dunayda suyun səviyyəsinin aşağı düşdüyü və bunun da çay logistikası imkanlarını məhdudlaşdırdığı avqust-oktyabr aylarında olacaq. Noyabr ayından etibarən ixrac templərinin artacağı gözlənilir.
İxrac gəlirlərinin itirilməsindən əlavə, logistikanın yenidən istiqamətləndirilməsi aqrar sektorun məhsulların saxlanması və daşınması xərclərinin artmasına səbəb olacaq.
Milli Bank həmçinin hesab edir ki, ixrac edilməmiş həcmlər 2027-ci ilin birinci yarısında daşınacaq və bu da mənfi təsiri kompensasiya etməyə imkan verəcək.
"İnkişaf etmiş alternativ marşrutlar və fermerlərin təcrübəsi sayəsində vəziyyət 2022-ci il blokadası dövrünə nisbətən daha çox nəzarət altındadır", - hesabatında qeyd olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.